Bu günlərdə Akademik Musiqili Teatrdan növbəti premyera sorağı gəldi. Adı da diqqətçəkən və romantik: “Sevənlərindir dünya”.
Diqqətimi cəlb edən isə tamaşaya adını afişalarda demək olar ki, görmədiyim rejissorun – Elməddin Dadaşovun quruluş verməsi idi. Mərhum rejissor və pedaqoq Vaqif İbrahimoğlunun rejissorluq kursunda oxumuş E.Dadaşovun indiyədək uşaqlar üçün bir-iki tamaşa hazırladığını bilirdim. Nəhayət, ilk dəfə irihəcmli səhnə əsərində rejissor kimi özünü sınayıb.
Yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında tamaşanı rejissor janr olaraq məzhəkə kimi müəyyənləşdirib. Tamaşanın rejissor annotasiyasında yazıldığı kimi, “texnoelektron eranın və qloballaşan dünyanın nəbzinə hesablanmış musiqili tamaşa”nın ana xəttini – azərbaycanlı gənc Şərəflə özbək qızı Müyəssərin ülvi məhəbbəti təşkil edir.
İkihissəli məişət komediyasının quruluşçu baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur. Əsas rollarda Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, digər aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Eleanora Abbasova, Murad Əliyev və Cəbrayıl Cəbrayılov çıxış edirlər.
Öncədən deyim ki, tamaşada teatrın xor və balet truppasının üzvlərinin çıxışı ümumi tempi yüksəltməyə xidmət etməklə yanaşı, ansambl işinin, daha doğrusu, rejissorla balet və xor truppası arasındakı uğurlu tandemin göstəricisi kimi bəyənilməlidir. Çünki tamaşa boyu bir dəfə də olsun truppaların işinin tamaşaya əlavə “dekor”, bir növ, qüvvətləndirici vasitə olduğu sezilmədi. Özbək və Azərbaycan milli geyimləri, musiqi tərtibatı və rəqslərədək ümumi kompozisiyada sintez diqqət çəkirdi.
Tamaşanın mövzusu da, rejissor yozumu və ideya yükü də sadə idi: iki gənc bir-birini sevir və sonda evlənirlər. Deməli, Özbəkistandan Azərbaycana elmi konfransa gələn Müyəssər (gənc aktrisa Nəzrin İsmayılzadə) burada bizim gənc Şərəfə (gənc aktyor Emin Zeynallı) aşiq olur. Daha doğrusu, hər ikisində ilk baxışdan məhəbbət yaranır.
Bizim oğlandan fərqli olaraq özbək qız daha cəsarətli olduğundan, üstəlik, konfransın müddəti nəzərə alınmaqla, tamaşada uzun-uzadı tanışlıq mərasimindən qaçılaraq birbaşa mətləbə keçilir – evlənməyə qərar verirlər. Bircə günün içində Bakını gəzirlər, bir-birlərini tanıyırlar və bir-birləri üçün yarandıqları qərarını verirlər.
Sadəcə, bir əngəl var: hər ikisinin valideynlərinin məqsədi elmli gəncləri (!) varlı şəxslərlə evləndirmək, qısacası, balalarının hesabına bir az da varlanmaqlarıdır. Ən azı bura qədər bunu belə təsvir edirlər.
Şərəfin atası Şiraslan (Ruslan Mürsəlov) həddən artıq pulgir, şöhrətpərəst adamdır. Varlanmağın yolunu oğlunu “ən azı nazir qızı ilə evlən”dirməkdə görür. Atadan fərqli olaraq anası Anaxanım (Ofeliya Məmmədova) üçün oğlunun səadəti daha vacibdir. Əsas odur ki, “qız göyçək və ağıllı” olsun. Oğlunun Müyəssərin şəxsiyyət vəsiqəsindən (tamaşa boyu bu “vəsiqə əməliyyatı” açılmamış qaldı) göstərdiyi şəklindən gəlinini bəyənir, az qala boy-buxunu, ağıl-kamalını da bu vəsiqə şəklindən görür.
Müyəssərin də valideynləri qızlarını 30 min başlıq pulu verə biləcək varlı-hallı bir oğlana verməyə niyyətləniblər. Birinci hissədə yatıb (evin kişisinin varlığı səhnə arxasından gələn kəsintisiz xorultudan sezilir sadəcə), ikinci hissədə kəbin davası edən atası Bəyaz Batır (Elçin İmanov), eləcə də tələbkar anası Gülnora (Güldanə Əzimova) qızının başqa ölkəyə ərə getməsi ilə razılaşa bilmirlər.
Aşiqlərin yolundakı başqa bir qaratikan Şərəfdən 5 yaş böyük qonşu qız Safurədir (Gülnarə Əzizova). Bütün iş-gücünü atıb Şərəf ilə evlilik planları qurur. Həm də boşuna ümidlənməyib. Hər qıza potensial qayınana gözü ilə baxan Anaxanım bu yolla sil-süpürdən biş-düşə hər işində Safuraya arxayın olub. Qız da özünü bu evin gəlini kimi xeyli əvvəldən ümid selinə atıb.
Nəhayət, iki gəncin məhəbbəti alovlananda hər kəs öz niyyətini, əsl üzünü göstərir. Amma çifayda. Bizim aşiqlər israrlıdırlar.
Sonda məhəbbət qalib gəlir, internet üzərindən gəlinlik alış-verişindən sonra real toy qurulur. Şəkili Hacı dayılı (İqrar Salamov), hoqqabaz Tamadalı (Hüseyn Əlili) toyda qanqaraçılıq düşür. Sən demə, qızın kəbini kəsilməyib. Ata israrla kəbin istəyir, ana belə toy olmaz deyir və min cür məzhəkədən sonra hər şey qaydasına düşür, “ASAN Xidmət” gənclərin nikahını kəsir, tamada da dönüb olur kəbin kəsən molla. Üstəlik, Safurənin də bəxti toydaca açılır, ona da ər tapılır. Beləcə, onlar da xoşbəxt olub qoşulurlar evlilər sırasına.
Çox gözəl, çox pakizə.
Tamaşada açıq qalan sualların sayını isə nə siz soruşun, nə də mən deyim. Rejissorun illərlə təcrübədə tətbiq etmək istədiklərini qalaqlayıb ikihissəli bir komediyada ortaya çıxarmaq istəməsi isə “Niyə rejissorlar belə gec-gec tamaşa hazırlayırlar ki, 3-4 səhnə aktının materialını da bir traktovkada sərf etmək ehtiyacı duyurlar?” kimi mühüm bir sualı aktual edir.
İnsafən, rejissorun müəyyən etdiyi janrdan hali olmasına və elementar mimikalarda belə o üslubu, başqa sözlə desək, ələsalmanı qabarıq nümayişinə söz ola bilməz. Tamaşaçı ilə dialoq vasitələrini də düzgün, cəsarətli və bir o qədər də anlaşılan seçmişdi. Hətta salondakılar səhnədəkiləri rahat həzm etsin deyə sosial şəbəkə və həyatdan əksəriyyətimizin bildiyi lətifəyə çevrilən hadisə və əzbərlənən ifadə və jarqonlardan bəhrələnmədə də xeyli səxavətli idi.
Bir sözlə, müəyyən qüsurlarına rəğmən tamaşa həmin teatrın səhnəsində gördüyümüz son dövr digər komediyalardan geri qalmır. Sadəcə, tamaşa boyu Xalq artisti İlham Namiq Kamalı parodiya üzərində qurulmuş ifada ifrata varma aşkar idi. Maraqlıdır, rejissor aparıcı rollardan birini oynayan aktyoru niyə yalnız parodiyaçı kimi təqdim edir və ya azərbaycanlı ata tipajı niyə məhz Şiraslan kimi müəyyən olunmalıydı?
Tamaşada ifrat yüngül gülüşə, daha doğrusu, “təki tamaşaçı gülsün”ə hesablanmış oyun var və bu, Tamada, Şiraslan, Safurə və Anaxanımın timsalında özünün “zirvə”sini yaşadı.
Tərəf-müqabilləri kimi iki aşiqin də səhnə energetikasının zəif, xüsusən qadın baş qəhrəmanın emosional oyunla qışqırığı qarışdırmasını da qeyd etməyə bilmərik.
“Teatr aktyoru üçün əsas məqam təkrarlamaq bacarığıdır. Ondan tələb olunmur ki, hər gün eyni emosiyanı versin, amma o, həmişə həmin texnika səviyyəsini saxlamalıdır, hər dəfə tamaşaçıda eyni təəssüratı yaratmağı da. İnsandan tələb etmək olmaz ki, o, iki gün ardıcıl eyni hissləri keçirsin, amma texniki ustalığı imkan verir ki, tamaşaçıda eynilik təəssüratını yaratsın” deyən isveçli rejissor İnqmar Berqman arzusunda olmasam da, könül istər ki, aktyor, xüsusən də komik obrazda səhnədə olan ifaçı həm də nəyi və niyə etdiyinin fərqinə varsın. Çünki bütün texniki məsələlər bundan sonra başlayır...
Həmidə Nizamiqızı