Azərbaycan

 

7 iyul 1920 – Azərbaycan İnqilab Komitəsi incəsənət abidələri və əsərlərinin siyahıya alınması və mühafizəsi haqqında qərar qəbul edib.

7 iyul 1939 – Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova (1939-2010) Göyçay şəhərində anadan olub. Rus və Azərbaycan dillərində elmi-fantastik əsərlərin müəllifidir: “Yeraltı dünya”, “Vaxtdır, qardaşım” və s.

7 iyul 1950 – Əməkdar mədəniyyət işçisi Həsən Nəsib oğlu Həsənov (1950 – 6.4.2021) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Müxtəlif teatrlarda (İrəvan, Mingəçevir teatrları, Dövlət Gənclər Teatrı) direktor işləyib.

7 iyul 1961 – Əməkdar artist, aktyor, rejissor Ələkbər Adıgözəl oğlu Hüseynov (1961 – 2.8.2007) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləyib. Televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

7 iyul 2019 – UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi hissəsi Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

 

8 iyul 1888 – Xalq artisti Pyotr Pavloviç Jarikov (1888-1969) Moskvada anadan olub. Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət (1928-1963) göstərib.

8 iyul 1909 – Məşhur dilçi alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 – 10.4. 1979) Şəkidə doğulub. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin müəllifidir.

8 iyul 1931 – Xalq artisti Zülfüqar Yaqub oğlu Baratzadə (1931 – 11.2.1991) Gəncədə doğulub. 1949-cu ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.

8 iyul 2014 – Prezident İlham Əliyev Xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

9 iyul 1926 – Görkəmli yazıçı-dramaturq Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov (1854-1926) vəfat edib. Ədib “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.

9 iyul 1939 – Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev (1939-2017) Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir teatrında, Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə çəkilib.

9 iyul 1981 – Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (23.6.1913 – 1981) vəfat edib. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, rus ədəbiyyatından tərcümələr edib.

9 iyul 2018 – Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb. Teatrın yubileyi 2018-ci il dekabrın 7-də təntənəli şəkildə qeyd edilib.

 

10 iyul 1899 – Şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev; 1899-1952) Qərbi Azərbaycanda, Göyçə mahalının Nərimanlı kəndində anadan olub.

10 iyul 1909 – Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Mustafa oğlu Bədəlov (1909 – 2.11.1997) Şəkidə anadan olub. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarındandır.

10 iyul 1920 – Azərbaycan İnqilab Komitəsinin dekreti ilə “musiqi təhsilini proletar kütlələri içərisində geniş yaymaq” məqsədilə musiqi alətləri dövlət mülkiyyəti elan edilib. Orkestr musiqiçiləri səfərbərliyə alınaraq Xalq Maarif Komissarlığının sərəncamına verilib.

10 iyul 1924 – Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924 – 12.9.1979) anadan olub.

10 iyul 1930 – Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 – 17.4.2009) Cəbrayıl şəhərində doğulub. “Pillələr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Axirət sevdası” və s. kitabların müəllifidir. Əsərləri xarici dillərə tərcümə edilib.

10 iyul 1937 – Əməkdar incəsənət xadimi, şairə, dramaturq Kəmalə Ağa qızı Ağayeva (1937 – 18.7.2019) Naxçıvan şəhərində anadan olub. Mənzum pyesləri (“Məhsəti”, “O, bizim dağların oğludur”, “Göyçək Fatma” və s.) teatrlarda tamaşaya qoyulub.

10 iyul 1949 – Əməkdar artist İbrahim Əsgər oğlu Əliyev (1949 – 26.11.2020) Bakıda anadan olub. Filmlərdə (“Güllələnmə təxirə salınır!”, “Qətl günü”) çəkilib, Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib.

10 iyul 1953 – Əməkdar incəsənət xadimi Ələkbər Rauf oğlu Kazımovski (1953 – 19.9.2016) anadan olub. 1974-cü ildən Azərbaycan Televiziyasında işləyib, film-tamaşa və sənədli telefilmlərin rejissoru olub.

10 iyul 1995 – Azərbaycan Respublikası Nazirlər Kabineti “Hüseyn Cаvidin Ev-Muzeyi haqqında” qərar qəbul edib. Muzey haqqında ilk qərar 1981-ci ildə verilsə də, təşkilati səbəblər üzündən həyata keçirilməmişdi. 1995-ci ildə muzey AMEA Əlyazmalar İnstitutunun binasının 3-cü mərtəbəsində yerləşən və şairin 1920-1937-ci illərdə yaşadığı mənzildə təşkil edildi.

10 iyul 2022 – Əməkdar mədəniyyət işçisi, publisist, tədqiqatçı-yazar Ənvər Çingizoğlu (Fərəcov; 10.5.1962 – 2022) vəfat edib.

 

Dünya

 

7 iyul 1860 – Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler; 1860-1911) anadan olub.

7 iyul 1882 – Belarus ədəbiyyatının banilərindən şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç; 1882-1942) anadan olub.

7 iyul 1884 – Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger; 1884-1958) anadan olub. “Qoyya”, “İspan balladası”, “Lautenzak qardaşları” və s. tarixi romanların müəllifidir.

7 iyul 1901 – İtalyan aktyoru, kinorejissor, 4 dəfə “Oskar” mükafatı laureatı Vittorio De Sika (Vittorio De Sica; 1901-1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah” və s.

 

8 iyul 1621 – Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine; 1621-1695) anadan olub. Antik dövr müəlliflərinin (Ezop, Fedr və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb.

8 iyul 1892 – İngilis yazıçısı Riçard Oldinqton (Richard Aldington; 1892-1962) anadan olub. Əsərləri: “Qəhrəmanın ölümü”, “Bütün insanlar düşməndir” və s.

8 iyul 1938 – Rusiyanın Xalq artisti, tanınmış aktyor Andrey Vasilyeviç Myaqkov (1938 – 18.2.2021) anadan olub. “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj” və s. filmlərdə çəkilib.

 

9 iyul 1764 – İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe; 1764-1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın yaradıcılarından biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirləri” və s.

9 iyul 1834 – Çex yazıçısı Yan Neruda (1834-1891) anadan olub. “Qəbiristanlıq çiçəkləri”, “Kosmik nəğmələr” və s. kitabların müəllifidir.

 

10 iyul 1871 – Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871-1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin (17 roman) müəllifidir.

10 iyul 1918 – Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge; 1918 – 23.2.2015) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub) və s.

Hazırladı: V.Orxan