Olaylar, faktlar (6-10 iyul)
207 il əvvəl...
9 iyul 1816-cı ildə İspaniyanın Cənubi Amerikadakı ən böyük müstəmləkəsi (ərazisi 2,7 milyon kv.km) olan Argentina müstəqilliyini elan edib. XVI əsrdə İspaniyanın müstəmləkəsinə çevrilən Argentina La-Plata general-qubernatorluğu adlanırdı. Müstəqilliyini də “Birləşmiş La-Plata Əyalətləri” adı altında qazanmışdı. 1826-cı ildə Federativ Argentina Respublikası elan edildi.
124 il əvvəl...
7 iyul 1899-cu ildə ABŞ Havay adalarını işğal edib. Sakit okeandakı arxipelaq əvvəlcə İspaniyanın, sonra isə Britaniyanın nəzarətində olmuşdu. Havay adaları ştat statusu ilə ABŞ-yə birləşdirildi.
105 il əvvəl...
10 iyul 1918-ci ildə Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik “Bakı Soveti”nin qoşunlarını məğlub ediblər. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə əks-hücumu başlanıb. İyulun 14-də Kərrar dəmiryolu stansiyası azad edilib.
104 il əvvəl...
9 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk normativ sənədi – XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Bu, Azərbaycanda peşəkar diplomatiya fəaliyyətini tənzimləyən ilk sənəddir. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət əməkdaşlarının peşə bayramı günü elan edilib.
100 il əvvəl...
7 iyul 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib. Sənəddə bu addımın azərbaycanlı və erməni xalqları arasında “beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə” xidmət edəcəyi vurğulanırdı. Dekret Rusiya K(b)P-nin Qafqaz Bürosunun iki il əvvəl (5 iyul 1921) qəbul etdiyi tövsiyə qərarına əsasən verilmişdi. Həmin qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK-nin dekretində vilayətin mərkəzi kimi Xankəndi qəsəbəsi seçilmişdi. DQMV bölgədə erməni separatçılığının və Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının hərbi münaqişəyə keçməsindən sonra, 1991-ci ilin 26 noyabrında Azərbaycan Ali Soveti tərəfindən ləğv edildi.
97 il əvvəl...
6 iyul 1926-cı ildə Bakıda ilk elektrikləşdirilmiş dəmiryolu istifadəyə verilib. 1924-cü ilin fevralında Bakıda tramvay xəttinin işə salınması elektriklə işləyən ucuz nəqliyyat yolunun Bakıətrafı ərazilərə də çəkilməsi ideyasını gündəmə gətirmişdi. Bu təkcə Azərbaycanda deyil, SSRİ-də ilk elektrikləşdirilmiş dəmiryolu idi.
83 il əvvəl...
10 iyul 1940-cı ildə Fransada III Respublika rəsmən süqut edib. Hitler Almaniyası ölkənin ərazisinin üçdə ikisini işğal edəndən sonra Vişi şəhərində toplaşan Fransa Milli Assambleyası (parlament) səlahiyyətlərini yerə qoydu. Faşistlərin marionet lideri sayılan marşal Filipp Peten ölkənin formal rəhbəri təyin edildi.
50 il əvvəl...
10 iyul 1973-cü ildə Britaniyanın Vest-İndiadakı müstəmləkəsi olan Baham adaları (ərazisi 14 min kv.km) müstəqilliyini elan edib. 1492-ci ildə ispanlar tərəfindən kəşf edilən Baham adaları XVIII əsrin sonunda ingilislərin nəzarətinə keçmişdi. Hazırda Baham adaları dünyanın məşhur turizm və azad iqtisadi zonası hesab olunur.
48 il əvvəl...
6 iyul 1975-ci ildə Hind okeanındakı (Afrikanın şərqində) Qəmər adaları Federativ İslam Respublikası kimi müstəqilliyini elan edib. 2002-ci ildən Qəmər Adaları İttifaqı adlanır. Qəmər adaları XIX əsrin sonundan Fransanın nəzarətinə keçmişdi. Ərazisi 2,2 min kvadrat kilometr, 900 min nəfərə çatan (2010) əhalisinin əksəriyyəti (antaloatra xalqı) müsəlmandır.
31 il əvvəl...
8 iyul 1992-ci ildə ATƏM-in (1995-ci ildən ATƏT) Helsinki zirvə toplantısında iştirak edən Prezident Əbülfəz Elçibəy Azərbaycanın təşkilata üzvlüyünə dair sənədləri, o cümlədən Helsinki Yekun Aktını (1975) imzalayıb. Azərbaycan ATƏM-ə 1992-ci il yanvarın 30-da qəbul olunmuşdu.
Hazırladı: V.Orxan