Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının yəhudi əsilli deputatı Mixael Fraylix və xanımı jurnalist Nexama Blox Quba rayonuna səfər ediblər.

Qonaqlar Milli Məclisin Azərbaycan-Belçika parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Kamal Cəfərov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səfər Səfərli ilə birgə Quba Rayon İcra Hakimiyyətində olub, rayondakı tolerantlıq ənənələri haqqında ətraflı məlumat alıblar.

Qonaqlar dağ yəhudilərinin yığcam şəkildə məskunlaşdığı Qırmızı qəsəbə, buradakı sinaqoqlar, Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar. Quba şəhərində Soyqırımı Memorial Kompleksini ziyarət edən qonaqlar ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli soyqırımları barəsində məlumatlandırılıblar.

Mixael Fraylix kompleksin xatirə kitabına ürək sözlərini yazıb.