Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının təşkilatçılığı ilə şəhid anası Şövqiyyə Ülvinin (Azayeva) “Vətən fədailəri” kitabının təqdimat mərasimi keçirilib. Kitab 44 günlük Vətən müharibəsində şəhid olmuş övladı Ülvi Azayevin və Kürdəmir şəhidlərinin xatirəsinə həsr olunub.

Kürdəmir rayon İlyas Məmmədov adına Ərəbqubalı kənd tam orta məktəbində təşkil olunan tədbirdə kitabın redaktoru və ön sözünün müəllifi, muzeyin müdiri Yaqut Bahadurqızı nəşr haqqında məlumat verib.

Ərəbqubalı kənd tam orta məktəbinin direktoru Mayis Bayramov və digər çıxış edənlər kitabın gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətini vurğulayıblar.

Sonra məktəblilər kitab əsasında hazırladıqları kompozisiyanı təqdim ediblər. Müəllif Şövqiyyə Azayeva əməyinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib, kitabı şəhid ailələrinə və rayon ictimaiyyətinin nümayəndələrinə hədiyyə edib.

N.Məmmədli