İyulun 5-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Orta ixtisas musiqi məktəb-studiyasının hesabat konserti keçirildi. Bu, tədrisin ikinci yarım ilinin üçüncü tədbiri idi ki, məktəbin yaradıcısı və 43 il boyunca ona rəhbərlik edən professor Tərlan Seyidovun (1943-2023) əziz xatirəsinə həsr olunurdu.

Tədbiri məktəb-studiyanın baş metodisti Natəvan Fərzəliyeva açaraq şagirdləri təqdim etdi.

Konsertdə Əməkdar müəllim Ayişə Əliyeva, dosent Arzu Rzayeva, Əməkdar müəllim Nərgiz Mansurova, Əməkdar artist, dosent Fikrət Məmmədov, eləcə də müəllimlərdən Nəzrin Əmirli, Nərminə Əliverdizadə, Firuz Hüseynov, Ofeliya Axundova və Nuranə Zeynalovanın yetirmələri zəngin proqramla çıxış etdilər.

Konsertin ilk iştirakçıları 1-ci sinif şagirdləri idi. Onlar hələ bu böyük səhnənin məsuliyyətini dərk etməsələr də, öz ifaları ilə müəllimlərini və valideynlərini sevindirdilər.

Konsert boyu məktəb-studiyanın şagirdləri A.Gedikenin “Rəqs” (e moll), Y.Doljikovun “Laduşki”, “Arişka”, T.Quliyevin “Cəmilənin albomu” məcmuəsindən “Vals”, Leonid Koçetovun “Reqtaym”, K.Sen-Sansın “Heyvanların karnavalı” silsiləsindən “Qu quşu”, İ.S.Baxın d moll konsertinin I hissəsi, İlahə Qismətin “İki pyes”, R.Şumanın 1№-li “Novelletta” (f dur) və digər əsərləri səsləndirdilər. Onların ifalarından konsertə hazırlıq prosesinin necə məsuliyyətli şəkildə həyata keçirildiyi aydın duyulurdu.

Hesabat konserti yarım il ərzində uğurlu tədris prosesini göstərməklə yanaşı, unudulmaz Tərlan Seyidovun xatirəsinə ehtiramın təzahürü idi.

Tutu Hüseynova
BMA-nın məktəb-studiyasının müəllimi