Qazaxıstan dombraçıları Beynəlxalq Muğam Mərkəzində

 

Qazaxıstanın bir qrup dombra ifaçısı (aşıq) “Krımın 40 bahadırı” eposunun izi ilə” layihəsi çərçivəsində türk respublikalarına səfərə çıxıb. Kollektiv qardaş ölkələrin mədəniyyət mərkəzlərində görüşlər keçirir, bu qazax eposunu təqdim edirlər.

Aksiya çərçivəsində ölkəmizə gələn qazax dombraçılar iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində (BMM) konsert proqramı ilə çıxış etdilər.

Konsertin aparıcısı musiqiçi, tədqiqatçı Semih İpək (Türkiyə) türk xalqlarının dostluq və qardaşlığı haqqında danışdıqdan sonra gecəni açıq elan etdi, ifaçıları tamaşaçılara tanıtdı.

Dombraçılar Aliya Qaramuxanova, Undasn Kalxanov və başqaları qədim qazax xalq dastanlarından parçalar ifa etdilər.

Azərbaycan musiqiçiləri – xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov və tarzən, “Bayatı-türk” muğam triosunun rəhbəri Məsim İslamov qonaqlarla birgə çıxış etdilər. İki qardaş xalqın musiqiçilərinin müştərək ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Qonaq heyətin rəhbəri Eldost Emil bildirdi ki, aksiyanın məqsədi türk respublikalarında “Krımın 40 bahadırı” eposunu təbliğ etməkdir: “Bu dastan bizə Qızıl Orda xanlığı dövründən miras qalıb. Bizim birliyimizi, qardaşlığımızı təbliğ edir deyə yenidən tanıtmaq, gündəmə gətirmək istədik. Dastanda bütün türk xalqlarının könlünü açacaq bir məqam var. Məqsədimiz bu duyğunu oyadıb qardaş xalqları birliyə çağırmaqdır. Musiqiçilərimiz Manqışlak vilayətindən gəliblər. Bu dastan da Qazaxıstanın qərb bölgəsinə məxsus dastandır”.

Lalə Azəri