Çin və Qazaxıstan ansambllarının konsertləri

 

Şəkidə keçirilən “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 4-də Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayəti ansamblının konserti təqdim olunub.

“Yuxarı karvansara” mehmanxana-kompleksində keçirilən konserti festivalın təşkilatçı qurumlarının rəhbərləri, Lianşan-İy Muxtar Vilayətindən gəlmiş qonaqlar və şəkili musiqisevərlər izləyiblər.

Konsertin əvvəlində məlumat verilib ki, Çinin Lianşan-İy Muxtar Vilayətinin ansamblı 1956-cı ildə yaradılıb. Ansambl muxtar ərazidə yerli əhalinin (İy milləti) ilk peşəkar bədii kollektividir. Ansamblın təqdim etdiyi 100-dən çox tamaşa beynəlxalq, milli və əyalət mükafatlarına layiq görülüb.

Lianşan-İy Muxtar Vilayətinin ansamblı beynəlxalq mədəniyyət və incəsənət mübadiləsi məqsədilə fəal tədbirlər həyata keçirir, onlarla ölkədə qastrol səfərlərində olub, dünyada mədəni inteqrasiyaya, mədəniyyət dialoquna töhfə verir.

Ansamblın təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertin sonunda kollektivə festivalın xatirə hədiyyəsi təqdim edilib.

***

Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının üçüncü günündə (5 iyul) daha iki  qonaq kollektiv səhnəyə çıxıb. “Marxal” kompleksinin Yay teatrında Qazaxıstan Respublikasının Ükili Ibıray adına Akmola Vilayət Filarmoniyasının “Aynakol” folklor və “Qəkku” rəqs ansambllarının konserti olub.

Akmola Qazaxıstanın 17 vilayətindən biridir. Ölkənin şimalında yerləşir. Ərazisi 146 min kvadrat kilometrdir. Paytaxt Astana da bu vilayətin ərazisində (respublika əhəmiyyətli şəhər statusu ilə) yerləşir. Akmola vilayətinin inzibati mərkəzi isə Kokşetau şəhəridir.

Konsertin əvvəlində məlumat verilib ki, “Aynakol” folklor ansamblı 2004-cü ildə Akmola Vilayət Filarmoniyasının nəzdində yaradılıb, peşəkar musiqiçilərdən ibarətdir. Kollektivin özünəməxsus bədii üslubu, ifa tərzi, zəngin və orijinal repertuarı var. “Aynakol”un qastrol xəritəsi də zəngindir. Almaniya, Türkiyə, Çin, Tayvan, Rusiya, Baltikyanı ölkələrin dinləyiciləri ansamblın yaradıcılığından zövq alıblar. Ansambl beynəlxalq festivalların, müsabiqələrin iştirakçısı və laureatıdır.

Diqqətə çatdırılıb ki, Akmola vilayətinin incisi olan “Qəkku” rəqs ansamblı 2007-ci ildə Mədinə Tleulina tərəfindən yaradılıb. Kokşetau şəhərində yeganə peşəkar xoreoqrafiya qrupu olan ansamblın 2008-ci ildən daimi rəhbəri Gülmira Ordabayevadır. Ansamblın heyətini təcrübəli rəqqaslar təşkil edir. Kollektiv peşəkar rəqs ansamblı, eyni zamanda Kokşetau rayonunun mədəniyyət kollecinin xoreoqrafiya şöbəsinin məzunlarını öz sıralarına cəlb edir.

“Qəkku”nun əsas missiyası rəqsə məhəbbət aşılamaq və bunun vasitəsilə nəinki qazax mədəni irsini, həmçinin dünya xalqlarının rəqslərini öyrənməkdir. Ansamblın repertuarı çox zəngin və rəngarəngdir. Repertuara incə bal rəqsləri və nəfis tarixi əsərlər, xalqın alovlu ritmləri, oynaq estrada rəqsləri, vətənpərvərlik mövzusunda hərbi tamaşalar və unudulmaz rəqs kompozisiyaları daxildir. Ansambl həmçinin klassik əsərlərin musiqisi üzərində qurulmuş bir çox xoreoqrafik kompozisiyalar nümayiş etdirib. Əllidən çox tamaşası olan kollektiv çoxsaylı mükafat və nailiyyətləri ilə seçilir. Ansambl Qazaxıstanın mədəni irsinin təbliğatçısı kimi bir çox yerli, respublika əhəmiyyətli və mötəbər beynəlxalq festival və müsabiqələrin iştirakçısı və qalibi olub.

“Aynakol” folklor və “Qəkku” rəqs ansambllarının çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Akmola  Vilayət Filarmoniyasının direktoru Nurgul Şaikenovaya festivalın xatirə hədiyyəsini təqdim edib. Eyni zamanda, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tərəfindən folklor və rəqs ansambllarının rəhbərlərinə təşkilatın xatirə hədiyyələri təqdim olunub.

***

İyulun 6-da “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalına Türkiyə və Özbəkistandan gələn kollektivlər musiqi ərməğanlarını təqdim ediblər. Yay teatrında Safranbolu Bələdiyyəsi Xalq oyunları qrupu və Daşkənd Vilayət Filarmoniyasının “Nurəfşan” ansamblının konserti olub.

Festivalın son günündə (7 iyul) isə Azərbaycan Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestri (dirijor Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilov) və F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) çıxış edəcək.