Dekabrın 4-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Quba şəhərinə infotur keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» Proqramına əsasən Quba şəhərinin 2012-ci ildə «Azərbaycanın Sənətkarlıq Paytaxtı» elan olunması ilə əlaqədar təşkil edilmişdi.
İnfoturda nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin məsləhətçisi Vüqar Məmmədov, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva və ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edirdilər.
İnfotur iştirakçıları Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə görüşdülər. İcra başçısı «Sənətkarlıq paytaxtı»nda il ərzində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi.
Nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev “Xalq Yaradıcılığı Paytaxtları” layihəsinin artıq üç ildir həyata keçirildiyini dedi. Onun sözlərinə görə, proqramın məqsədi zəngin xalq yaradıcılığı nümunələrini qoruyub gələcək nəsillərə çatdırmaqdır. Görüşdə Mübariz Ağayev və Fikrət Babayev jurnalistlərin çoxsaylı suallarını cavablandırdılar.
Sonra infotur iştirakçıları Qubadakı soyqırımı məzarlığını ziyarət etdilər, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tikilən muzey binası, Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, “Yaşıl teatr”, Gənclər Mərkəzi, Xalça Dünyası Assosiasiyasının fəaliyyəti ilə tanış oldular. İnfoturla bağlı növbəti sayımızda ətraflı məlumat verəcəyik.
Fəxriyyə Abdullayeva