Xəbər verdiyimiz kimi, 3-7 iyul tarixlərində Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı keçirilib.
Festival çərçivəsində iyulun 7-də Şəkidə “Şəhər günü” bayram tədbiri təşkil edilib.
Bayram tədbirinin açılış mərasimi səhər saatlarında Şəki şəhərindəki Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda keçirilib.
İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, Vətən müharibəsində şanlı Qələbədən sonra ölkəmizdə bütün əlamətdar tədbirlər kimi, Şəkidə “Şəhər günü” də ikiqat sevinc hissi ilə qeyd olunur.
Diqqətə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında Şəkinin tarixi mərkəzi Dünya İrsi Siyahısına daxil edilib. 2021-ci il iyulun 7-də bununla bağlı təşkilatın sertifikatı şəhər rəhbərliyinə təqdim olunub. Həmin tədbirdə hər il iyulun 7-nin Şəkidə “Şəhər günü” kimi qeyd olunması qərara alınıb.
Dövlət Turizm Agentliyinin rəsmisi Murad Ağabəyli Şəkidə mədəni-tarixi irsin qorunub saxlanılmasına diqqət göstərildiyini vurğulayıb, şəhər sakinlərini əlamətdar gün münasibətilə təbrik edib.
Bədii hissədə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Türkiyənin Safranbolu Bələdiyyəsinin xalq oyunları qrupu çıxış edib.
Sonda şəhər rəhbərliyi tərəfindən ifaçı və kollektivlərə, həmçinin festival münasibətilə təşkil olunan idman yarışlarının qaliblərinə hədiyyələr və mükafatlar təqdim edilib.