Noyabrın 29-da Bakıda Koreya milli mətbəxinə həsr edilmiş «Food Festival» keçirilib. Tədbirdə Azərbaycanın millət vəkilləri, xarici ölkə səfirləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.
Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn bildirib ki, festivalın keçirilməsi iki ölkə arasında mədəni və turizm əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Onun sözlərinə görə, yemək mədəniyyət anlayışının təbliğində ən sadə yollardan biridir. Səfir Koreya yeməklərinin xüsusiyyətlərindən danışıb, onların az kalorili olduğunu deyib.
Milli Kulinariya Mərkəzinin sədr müavini Ceyran Əsgərova Azərbaycanda Koreya mətbəxinin ikinci dəfə təqdim olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, belə tədbirlər iki xalqın mədəniyyətlərinin qarşılıqlı olaraq təbliğində və əməkdaşlığın inkişafında vacib rol oynayır. Daha sonra Koreya mətbəxinin təamları qonaqlara təqdim olunub.
Fəxriyyə Abdullayeva