Xəbər verdiyimiz kimi, iyulun 3-dən Uşaq İncəsənət Festivalının ikinci – regional mərhələsi keçirilir. Bu mərhələ ölkəmizin 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə təşkil olunur.
Festival çərçivəsində iyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından 6 nominasiya (xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs) üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 nəfər uşaq üçün yay düşərgəsi təşkil edildi.
Düşərgənin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, festival iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, onların yay tətillərini daha maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.
Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva özünün belə festivallarda yetişərək formalaşdığını qeyd etdi. Bildirdi ki, bu cür layihələrin keçirilməsi gənc nəslin yetişməsində çox mühüm rol oynayır: “Uşaqlar festivalda iştirak edərək güclü və zəif tərəflərini anlayırlar. Eyni zamanda bizlər də rəqabət şəraitində şagirdlərimizin imkanlarını nəzərdən keçirə bilirik. Mən festivalın birinci turunda da münsiflər heyətində yer almışdım. Bildirməliyəm ki, münsif kimi bizim işimiz çox çətin olacaq. Çünki festivala yetərincə istedadlı uşaqlar qatılıblar”.
Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov yay düşərgəsinin əhəmiyyətini yüksək qiymətləndirdi: “Müxtəlif bölgələrdən olan uşaqların bir yerə cəm olmağı təqdirəlayiqdir. Mən festivalın təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Yay düşərgəsi çox yüksək səviyyədə keçirilir. Bizlər də təbiətin qoynunda uşaqlar üçün ustad dərsləri təşkil edirik. Gələcəkdə də belə tədbirlərdə iştirak etməyə hazırıq”.
Hüseyn Hümbətov Goranboy rayonunun Qaradağlı kəndindən aşıq sənəti nominasiyası üzrə festivalda iştirak edir. M.Səfərov adına kənd tam orta məktəbin VIII, Gəncə şəhər Z.Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbinin isə V sinfində təhsil alır. Həftədə iki dəfə musiqi məktəbinə gələrək müəllimi İlqar Nəcəfoğludan aşıq sənətinin sirlərini öyrənir: “Aşıq sənəti bizlərə ulu babalarımızdan qalan bir mirasdır. Ulu babam bu sənətlə məşğul olub. Mən də də kiçik yaşlarımdan aşıq sənətinə maraq yaranıb. Ən böyük arzum aşıq sənəti üzrə ölkəmizi xaricdə layiqincə təmsil etməkdir”.
Yusif Yusubov festivala Gəncə şəhərindən qatılıb. Gəncə şəhər 17 nömrəli tam orta məktəb və şəhər Uşaq rəssamlıq məktəbində təhsil alır. Birinci mərhələdə uğurla iştirak edərək region mərhələsinə vəsiqə qazanıb. Söyləyir ki, 4-5 yaşlarından rəssamlığa həvəs göstərib: “Ailəm həvəsimi görüb rəssamlıq məktəbinə getməyimi tövsiyə etdi. Hazırda məktəbin 3-cü sinfində oxuyuram. Ən böyük arzum gələcəkdə ölkənin tanınmış rəssamlarından biri olmaqdır”.
Nərmin Nağıyeva isə Samux rayonundan rəssamlıq nominasiyası üzrə festivalda iştirak edir. Samux şəhər 3 nömrəli tam orta məktəbin XI sinfində təhsil alan Nərmin, həmçinin Gəncə şəhər Uşaq incəsənət məktəbində rəssamlığın sirlərini öyrənir: “Uşaqlara belə gözəl şərait yaratdıqları üçün təşkilatçılara minnətdarlığımı bildirirəm. Yəqin ki, yay düşərgəsində iştirakım həyatımın ən unudulmaz günlərindən biri kimi yaddaşımda əbədi qalacaq”.
Düşərgə müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar (futbol, voleybol, estafet oyunları və s.) keçirildi. Əməkdar artist, tarzən Səbuhi Cəfərov, Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov, rəssam Yusif Mirzə, qiraətçi Hüseynağa Aslanov və rəqqasə Tamilla Əliyeva tərəfindən ustad dərsləri təşkil edildi.
Günün sonunda isə düşərgə iştirakçıları birlikdə ocaq ətrafında toplaşıb müxtəlif təamlardan dadaraq rəqs edib mahnılar səsləndirdilər.
Qeyd edək ki, festival üç turdan ibarətdir. 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə reallaşan festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edib. II mərhələ iyul-avqust aylarında reallaşacaq. Final mərhələsinin sentyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulur.
Nurəddin Məmmədli