Azərbaycan
15 iyul 1925 – Xalq artisti, müğənni-pianoçu, professor Rauf İsrafil oğlu Atakişiyev (1925 – 3.2.1994) Bakıda anadan olub. 1953-cü ildən Akademik Opera və Balet Teatrının solisti olub, bir çox xarici ölkələrdə çıxış edib.
15 iyul 1926 – Xalq artisti Sədayə İsmayıl qızı Mustafayeva (1926 – 13.8.2004) Şəkidə anadan olub. Şəki, Gəncə Dram teatrlarında çalışıb, filmlərdə (“Mən ki gözəl deyildim”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət” və s.) yaddaqalan obrazlar yaradıb.
15 iyul 1928 – Tanınmış tərcüməçi Mehdi Mirkişi oğlu Mirkişiyev (1928-1992) Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olub. Rus dilindən çoxsaylı ədəbi tərcümələr edib.
15 iyul 1930 – Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev (1930 –14.12.2015) anadan olub. “Bakı-90” simfoniyası, kamera orkestri üçün “Noktürn” və s. əsərlərin müəllifidir. Filarmoniyanın bədii rəhbəri, Opera və Balet Teatrının direktoru olub.
16 iyul 1913 – Xalq artisti, müğənni Mirzə Əbdülcabbar oğlu Babayev (1913 – 13.1.2003) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır”, “Dəli Kür” və s.) maraqlı rollar oynayıb.
16 iyul 1934 – Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev (1934 – 13.11.2021) anadan olub. Bakı şəhərinin baş memarı (1974-1988) işləyib. Bir sıra mədəniyyət saraylarının, Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin (Ö.Eldarovla birlikdə) layihə müəllifidir.
16 iyul 1949 – Əməkdar artist, bəstəkar, skripka ifaçısı Fərhəng Rəhim oğlu Hüseynov (1949 – 16.2. 2010) anadan olub. Yaponiyada “İpək Yolu” müsabiqəsinin (1991) qalibi kimi “Kodayu” operasını yazıb, simfonik əsərlər müəllifidir.
16 iyul 1958 – Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (1958 – 6.9.2015) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq!”) maraqlı rollar oynayıb. Filmlərin səsləndirilməsində iştirak edib.
16 iyul 2022 – Azərbaycan telejurnalistikasının tanınmış simalarından biri, Əməkdar jurnalist Mais Məmmədov (12.7.1938 – 2022) vəfat edib.
17 iyul 1487 – Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487 – 23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvilər dövlətini qurub. “Xətai” təxəllüsü ilə şeirlər yazıb, “Dəhnamə” poemasının müəllifidir.
17 iyul 1898 – Ədəbiyyatşünas, publisist Əbdülvahab Hacı Zeynalabdin oğlu Məmmədzadə (Yurdsevər; 1898-1976) Bakıda doğulub. 1923-cü ildə həbs edilib, 10 il həbs və sürgündən sonra mühacirətə gedib. 60-70-ci illərdə İstanbulda Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib, Ankara dəfn olunub.
17 iyul 1924 – Azərbaycanda ümumittifaq maarifçilik hərəkatı – “Rədd olsun savadsızlıq” cəmiyyətinin şöbəsi təşkil edilib.
17 iyul 1953 – Xalq artisti Telman Abbasqulu oğlu Adıgözəlov (1953 – 15.4.2010) Balakən rayonunda doğulub. Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. Filmlərdə (“Anlamaq istəyirəm”, “Günaydın, mələyim!” və s.) çəkilib.
17 iyul 1965 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi yaradılıb. Arxiv görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın adını daşıyır.
17 iyul 2022 – Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova (28.7.1939 – 2022) vəfat edib. Müxtəlif janrlarda əsərlərin (“Vətən şəhidləri” kantatası, “Əhvali-ruhiyyələr”, “Azərbaycan təranələri” və s.) müəllifidir.
18 iyul 1903 – Əməkdar incəsənət xadimi Sergey Arsenyeviç Mayorov (1903-1973) anadan olub. Dövlət Rus Dram Teatrında (1926-1937) quruluşçu rejissor və baş rejissor işləyib.
18 iyul 1927 – Tanınmış heykəltaraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədov (1927 – 2.5.2018) Bakıda anadan olub. Üzeyir Hacıbəylinin, Nəsiminin (İ.Zeynalovla birlikdə), Füzulinin (Ö.Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc heykəltaraşların yetişməsinə töhfələr verib.
18 iyul 1932 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova (1932-2006) Bakıda doğulub. Kitabları: “Azərbaycan epik şeirinin inkişaf yolları”, “Məhəmməd Füzuli”, “Nizaminin poeziya sələfləri” və s.
18 iyul 1936 – Azərbaycan Xalq Maarif Komissarlığının əmri ilə Bakı Uşaq Teatrı (1928-ci il 20 sentyabrda yaradılmışdı) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlandırılıb. Teatra rus-sovet yazıçısı Maksim Qorkinin adı verilib.
18 iyul 1940 – Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov (1940 – 20.5.2021) anadan olub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb.
18 iyul 2021 – Ustad jurnalist, yazıçı-publisist Tahir Heydər oğlu Abbaslı (25.9.1948 – 2021) vəfat edib. Uzun illər “Mədəniyyət” qəzetində çalışıb.
Dünya
15 iyul 1606 – Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn; 1606-04.10.1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması” və s.
15 iyul 1901 – İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından biri Nikola Abbanyano (Nicola Abbagnano; 1901-1990) anadan olub.
15 iyul 1919 – İngilis yazıçısı Ayris Merdok (Jean Iris Murdoch; 1919-1999) anadan olub. “Tor altında”, “Dəniz, dəniz”, “Mələklər zamanı”, “Qara şahzadə” və s. romanların müəllifidir.
15 iyul 1924 – Çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esenbayev (1924-2000) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (rejissor Tofiq Tağızadə) çəkilib.
16 iyul 1723 – İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds; 1723-1792) anadan olub. Məşhur əsərləri: “Veneranın kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.
16 iyul 1911 – Amerikalı aktrisa və rəqqasə, “Oskar” mükafatı laureatı Cincer Rocers (Ginger Rogers – əsl adı Virginia Katherine McMath; 1911-1995) anadan olub.
16 iyul 1928 – Məşhur rus şairi Andrey Dementyev (1928 – 26.6.2018) anadan olub. Populyar mahnıların sözlərinin müəllifidir.
17 iyul 1846 – Rus alimi, səyyah və etnoqraf Nikolay Mikluxo-Maklay (1846-1888) anadan olub. Cənub-şərqi Asiyanın, Avstraliyanın müxtəlif xalqlarının etnoqrafiyasını tədqiq edib.
17 iyul 1888 – İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1966) Samuel Aqnon (Samuel Josef Agnon; 1888-1970) anadan olub. “Toy talvarı”, “Gecə qonağı” və s. romanların müəllifidir.
17 iyul 1889 – Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889-1970) anadan olub. 100-dən artıq romanın müəllifidir.
18 iyul 1811 – İngilis yazıçısı Vilyam Tekkerey (William Makepeace Thackeray; 1811-1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.
Hazırladı: V.Orxan