Gəncə Dövlət Kukla Teatrı başa çatan 37-ci mövsümdə tamaşaçılarına maraqlı səhnə nümunələri təqdim edib.
27-30 may tarixlərində Türkiyənin Konya şəhərində keçirilən 15-ci “Min nəfəs-bir səs” Türkdilli Teatrların Beynəlxalq Teatr Festivalına qatılan yaradıcı heyət Rəsul Rzanın “Ana qaz” əsəri (rejissor Ş.Məmmədli) əsasında hazırlanan tamaşaya görə festivalın təşkilat komitəsinin təşəkkürnaməsi və kuboku ilə mükafatlandırılıb.
Kollektiv 13-17 iyun tarixlərində Ümummilli lider Heydər Əliyevin 100 və Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə keçirilən ilk “Kukla teatrları həftəsi”ndə də eyni tamaşa ilə çıxış ediblər.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan teatrların qastrol aksiyası çərçivəsində Gəncə kuklaçıları iyulun 5-də Mingəçevir Dövlət Dram Teatrında Əhməd Orucoğlunun “Zınqırovlu pişik” (rejissor Ş.Məmmədli) tamaşasını göstərib.
Mövsüm ərzində illik plana uyğun olaraq, kollektiv H.Ataxanlının “Dərdlərimin çamadanı” (F.Paşayev) və A.Əlizadənin “Balqabağın yuxusu” (Ş.Məmmədli) tamaşalarını təhvil verib. Kuklaçılar hazırda “Milçək vızıltısı” (Z.Əliyeva) və “Qırmızıpapaq” (F.Paşayev) tamaşaları üzərində məşqləri davam etdirir.