Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası»na əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabr ayı ərzində bir neçə mehmanxana və mehmanxana tipli obyekt dövlət təsnifatından keçirilib. Nəticədə «Ayan Palace» mehmanxanasına 5 ulduz, «Şəki Olimpiya Kompleksi» mehmanxanasına 5 ulduz, Gəncədəki «Karvansaray» mehmanxanasına 4 ulduz, Mingəçevirdəki «Kür» mehmanxanasına 4 ulduz, Bakı şəhərindəki «Divan Express» mehmanxanasına 4 ulduz, «Grand Hotel» mehmanxanasına 4 ulduz, «Riviera» mehmanxanasına 4 ulduz, «Noah"s Ark» mehmanxanasına 3 ulduz kateqoriyası verilib.
   Eyni zamanda nazirlik tərəfindən ölkə Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar»a, Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli, 273 nömrəli «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qaydalarına əlavələr edilməsi barədə» Qərarına uyğun olaraq, bir neçə mehmanxanaya mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib. Bunlar Bakıda yerləşən «Egoist» və «Qafqaz Point Hotel» mehmanxanaları, Gəncədə fəaliyyət göstərən «El Hotel», Qax rayonunun İlisu kəndindəki «İlisu» pansionatı və Lənkərandakı «Cənub» istirahət mərkəzidir.