“Mən belə bir igid, qəhrəmanın həyat yoldaşı olduğum üçün fəxr edirəm, Şakirin iki əmanətini böyüdürəm. Böyük oğlum Cəmil indidən “Böyüyəndə mən də atam kimi hərbçi olacağam, əlimdə silah tutacağam” deyir”.

Bu fikirlər 44 günlük Vətən müharibəsinin şəhid giziri Şakir Cəmillinin həyatı yoldaşı Abuzər xanıma məxsusdur.

Onlar 2017-ci ildə ailə həyatı qurmuşdular. Tez-tez təlimlərdə, ezamiyyətlərdə olan Şakir ailəsinə çox bağlı idi. İşinə çox məsuliyyətlə yanaşırdı. Zatən seçdiyi peşə də bunu tələb edir. Heç vaxt evdə xidməti ilə bağlı danışmazdı. Ona görə də Abuzər xanım deyir ki, hərb sənəti çətin olduğu kimi, hərbçinin həyat yoldaşı olmaq da həm çətindir, həm də şərəflidir.

Şakir Arif oğlu Cəmilli 1992-ci il dekabrın 4-də Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olub. Kənd tam orta məktəbində təhsilini başa vurub hərbi xidmətə yollanır. Hərbi xidmətdən qayıtdıqdan sonra bir sıra sahələrdə çalışsa da, hərb sahəsinə marağı yenidən o şanlı formanı geyinməsinə səbəb olur. 2015-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu hazırlığı kursuna başlayır. Kursu müvəffəqiyyətlə bitirərək N saylı hərbi hissədə silah təmiri bölüyünün təmir manqa komandiri vəzifəsində xidmətə başlayır.

Şakir  2016-cı ilin Aprel döyüşlərində Cəbrayıl rayonu ərazisindəki Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində böyük şücaət göstərir. Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılır.

Şakir 2020-ci ildə gizir hazırlıq kursuna qəbul olunur. Kursu bitirdikdən sonra N saylı hərbi hissənin zirehli tank təmiri bölüyünün xüsusi işlər taqımının komandiri vəzifəsində xidmətini davam etdirir. Həmin il sentyabrın 27-də başlayan Vətən müharibəsində taqım komandiri kimi döyüşlərə qatılır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Laçın, Xocavənd və Şuşa istiqamətində düşmənin vurularaq sıradan çıxarılmış texnikalarının təxliyə edilməsində fəallıq göstərir. Döyüşlərin birində vurulmuş tankları təxliyə edərkən düşmən tərəfindən açılan atəş nəticəsində başından və sağ əlindən yaralanır. Buna baxmayaraq ona verilən tapşırığı layiqincə yerinə yetirərək yaralı halda texnikaları döyüş bölgəsindən çıxarır. Şakir öz komandası ilə birlikdə Vətən müharibəsi zaman düşmənin ümumilikdə 200-ə yaxın texnikasını qənimət olaraq təxliyə edir. O, noyabrın 23-də Şuşa istiqamətində tankda hərəkət edərkən havanın qatı dumanlı olması nəticəsində tank aşır. Nəticədə qəhrəman gizir şəhidlik zirvəsinə ucalır. Bir gün sonra doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılır.

Şakirin Cəmil və Emil adlı iki övladı Vətənə əmanət qalıb. Abuzər Cəmilli Vətən müharibəsi zamanı, Şakirlə ara-sıra əlaqə saxladığını deyir: “Hər dəfə danışanda hər şeyin yaxşı olduğunu, ondan nigaran qalmamağımı söyləyirdi. “Sən hərbçi yoldaşısan, möhkəm olmalısan” deyirdi”.

Şəhidin atası Arif Cəfərov, anası Kiçikxanım Cəfərova Şakirlə hər zaman qürur duyduqlarını söyləyir, belə mərd və qorxmaz oğul böyüdüb boya-başa çatdırdıqları üçün fəxr hissi keçirirlər.

Şəhidin böyük qardaşı Elşən Cəmilli də 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 44 günlük Vətən müharibəsində Talış və Suqovuşan istiqamətindəki döyüşlərdə şücaət göstərərək qazi adını qazanıb.

Qeyd edək ki, Şakir Cəmilli ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Nurəddin