İyulun 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Cadenza” orkestrinin konserti keçiriləcək.

Mövsüm boyu silsilə konsert proqramları təqdim edən orkestrin üzvləri bağlanış konsertində dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcək. Konsertə giriş sərbəst olacaq.

Xatırladaq ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində yaradılan “Cadenza” orkestri fəaliyyətini iki istiqamətdə qurur. Birinci istiqamət musiqi maarifçiliyidir. Kollektiv ölkəmizin şəhər və rayonlarında mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər təşkil etməyi, musiqi tarixinin bütün dövrlərində (renessans, barokko, klassisizm, romantizm, modernizm və postmodernizm) yazılmış əsərləri səsləndirməyi, auditoriya ilə interaktiv təmaslar qurmağı nəzərdə tutur. İkinci istiqamət Azərbaycanda müasir musiqi ifaçılığı və çağdaş dünya musiqisi ilə təmaslar qurmaq ənənəsini yaşatmaqdan ibarətdir.

Lalə Azəri