Gənclər bəstəkar Tofiq Bakıxanovun xatirələrini dinləyiblər
Qara Qarayevin Ev-Muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanovla görüş keçirilib.
İctimai birlikdən verilən məlumata görə, tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində təşkil edilib.
Muzeyin direktoru Züleyxa Qarayeva-Bağırova bildirib ki, il ərzində burada müxtəlif miqyaslı tədbir və layihələr həyata keçirilir. O, “Heydər Əliyev İli”nə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən görüşün ölkəmizdə mədəniyyət və incəsənətin gənclər arasında təbliği nöqteyi-nəzərdən önəmli olduğunu vurğulayıb.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı “MədəniyyətimİZ” layihəsi barədə məlumat verib. Diqqətə çatdırıb ki, layihənin “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi təsadüfi deyil. Ulu öndər fəaliyyəti dövründə mədəniyyət sahəsinə hər zaman böyük diqqət ayırıb.
Xalq artisti Tofiq Bakıxanov çıxış edib, müəllifi olduğu əsərlərdən danışıb, Ümummilli lider Heydər Əliyevlə, eləcə də müəllimi Qara Qarayevlə bağlı xatirələrini bölüşüb.
Tədbir “Bəstəkarlıq sənətinin inkişafı: Ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasəti kodeksində”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev fenomeni” və “Azərbaycan bəstəkarlıq sənətinin qorunması, ötürülməsi, tədqiqi və təbliğində gənc nəslin rolu” mövzuları ətrafında müzakirələrlə davam edib.
Görüşün bədii hissəsində gənc musiqiçilərin ifaları təqdim olunub.
Layihə çərçivəsində mədəniyyət xadimləri ilə gənclərin müxtəlif məkanlarda interaktiv görüşləri nəzərdə tutulub.