Azərbaycanda Heydər Əliyev adı ilə başlanan yeni dövr

 

14 iyul 1969-cu il. Azərbaycan Kommunist Partiyası Mərkəzi  Komitəsinin (KP MK) plenumu keçirilib. Plenumda təşkilati məsələyə baxılıb. KP MK-nın Birinci katibi Vəli Axundovun istefası qəbul olunub. Plenum iştirakçılarının yekdil qərarı ilə Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi – respublikanın rəhbəri seçilib.

54 il öncə bu hadisənin şahidi olanlar Azərbaycanın yeni tarixində hansı epoxanın başlandığının fərqində deyildilər. Bu da təbii idi. Azərbaycanın gələcəyi və fundamental inkişafı üçün tarixi önəm kəsb edən Heydər Əliyev epoxası yenicə başlayırdı. Bu epoxanın önəmini, mahiyyətini və Azərbaycanın inkişaf tarixindəki yerini anlamaq üçün onu yaşamaq, bu dövrün Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni həyatında yerini dərk etmək lazım idi.

Hər şeyin gerçək dəyər və əhəmiyyəti müqayisədə aşkarlanır. Bu gün birmənalı şəkildə qeyd etmək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütün parametrlərinə, statistik və qeyri göstəricilərinə və nəhayət, Azərbaycan xalqının canlı yaddaşındakı yerinə görə bütün müqayisələrdən yüksəkdir.

Azərbaycanda Heydər Əliyev adı ilə başlanan yol onun xalqı ilə bütünləşməsi, bütövləşməsi yolu olub. Bu illərin heç birində o, xalqından ayrı olmayıb. Və ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Heydər Əliyevdən, onun müdrik dühasından ayrı görməyib. O, Azərbaycana rəhbərlikdə olanda da, olmayanda da. Bütün hallarda Azərbaycan xalqı üz tutacağı, müdrikliyinə istinad edib köməyə çağıracağı rəhbəri görüb və ona güvənib. İstər 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi, yaxud 1982-1987-ci illərdə SSRİ rəhbərliyində çalışdığı dövr, istərsə də Azərbaycana rəhbərlikdən kənarda olduğu 1988-1992-ci illərdə Heydər Əliyev şəxsiyyətinin başlıca cəhəti xalqla bir olub, ona arxalanmaq olub.

Təsadüfi deyil ki, başabəla liderlərin “idarəçiliyinə” bir il tab gətirən Azərbaycan xalqı 1993-cü ilin yayında, yenicə təşəkkül tapan müstəqil dövlətçiliyi, milli gələcəyi uçurumun kənarında dayananda, Azərbaycanı vətəndaş qarşıdurması və parçalanma gözləyəndə yenə öz gerçək liderinə, onun müdrikliyinə üz tutdu. O da xalqın çağırışı ilə qayıtdı. “Mən buraya tək, ürəyimin hökmü ilə gəldim ki, xalqıma ən dəhşətli fəlakətdən yaxa qurtarmaqda kömək edim...”.

Bu, eyni zamanda xalqın artıq qəribsədiyi güvənli, təhlükəsiz, əmin-arxayın həyata qayıdışı, sabaha inam və etimadının bərpası idi...

Vüqar Orxan