“Sənətkarlıq paytaxtı”na infotur
   
   Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» Proqramı çərçivəsində Quba şəhəri 2012-ci ildə Azərbaycanın «Sənətkarlıq paytaxtı» elan olunub. Bununla bağlı il ərzində görülən işlərlə, eləcə də bölgənin tarixi-mədəni irsi ilə tanış olmaq üçün dekabrın 4-də nazirliyin dəstəyi ilə Qubaya infotur təşkil edildi. İnfoturda nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin məsləhətçisi Vüqar Məmmədov, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edirdilər.
   
   Bir yanı Şahdağı, bir yanı Xəzər...
   
   Quba coğrafi mövqeyinə, zəngin tarixi-mədəni irsinə, turizm imkanlarına görə Azərbaycanın rayonları arasında özünəməxsus yer tutur. Qədim dövr və orta əsrlərə aid xalq sənəti nümunələri, çoxsaylı memarlıq yadigarları rayonda sənətkarlığın çox dərin köklərə malik olmasından xəbər verir. Bunu rayonun müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş tunc dövrünə aid bəzək və məişət əşyaları da sübut edir. Qazıntılar zamanı Alban sənətkarlarına aid oraq, bıçaq, şana, dəhrə və s. əmək alətləri, qılınc, xəncər, ox və nizə ucları kimi silah növləri tapılıb.
   Quba sənətkarlarının əl işləri yüksək texniki və bədii xüsusiyyətləri ilə həmişə buraya gələn qonaqların diqqətini cəlb edib. Bölgədə sənətkarlığın, demək olar ki, bütün növləri inkişaf edib. Quba xalçasının 30-dan çox növü mövcuddur. «Qolu çiçi», «Pirəbədil», «Ağgül», «Çiçi», «Xırdagül çiçi», «Qımıl xonça» və s. çeşidli xalçalar bütün dünyada tanınır.
   Bölgənin geniş turizm potensialı var. Füsunkar təbiət - dağlar, bulaqlar, çaylar, yaşıllıqlar aləmi istirahət üçün əvəzsizdir. Rayonda əsas 4 turizm marşrutu müəyyənləşdirilib: Quba-İspik-Xınalıq, Quba-Təngaltı-Qonaqkənd, Quba-Zərqova və Quba-Uzunmeşə. Buraya gələn turistlər rayonun təbii gözəllikləri ilə yanaşı, uca dağlar qoynunda qədim tarixə malik Xınalıq kəndi ilə çox maraqlanırlar. Qubanı hər yerdə məşhur edən alması, mer-meyvəsi, özünəməxsus mətbəxi də turistlərin diqqətini cəlb edən bir başqa özəllikdir.
   Quba Azərbaycanın tolerant bir ölkə olmasının canlı nümunəsidir. Rayonda tatlar, ləzgilər, ruslar, yəhudilər və s. milli azlıqların nümayəndələri yaşayırlar. Yəhudilərin qədim zamanlardan məskunlaşdığı Qırmızı qəsəbə xarici və yerli turistlər üçün maraqlı məkandır.
   
   Quba böyük turizm mərkəzinə çevriləcək
   
   Səfərimiz rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə görüşlə başladı. İcra başçısı qonaqları salamladıqdan sonra «Sənətkarlıq paytaxtı»nda il ərzində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi: «Tədbirlərimizin əsas hissəsi Quba sənətkarlarının əl işlərindən ibarət sərgilərin təşkilinə həsr olunub. Bu sərgilərə rayonumuza səfərə gələn xarici turistlər də böyük maraq göstərib. Məqsədimiz onları rayonumuzda sənətkarlığın tarixi və zənginliyi ilə tanış etməkdir. Əksər tədbirlərimizdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak ediblər”.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev «Xalq Yaradıcılığı Paytaxtları» layihəsinin artıq üç ildir həyata keçirildiyini vurğulayaraq qeyd etdi ki, proqramın məqsədi zəngin xalq yaradıcılığı nümunələrini qoruyub gələcək nəsillərə çatdırmaqdır: “2012-ci ilin «Sənətkarlıq paytaxtı» olan Quba Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Bölgədə tarixən zəngin sənətkarlıq nümunələri yaranıb. Bu il ərzində rayonda sənətkarlığın, turizmin inkişafı istiqamətində, sosial, mədəni, iqtisadi sahələrdə çoxlu işlər görülüb”.
   Sonra Mübariz Ağayev jurnalistlərin suallarına cavab olaraq Qubada həyata keçirilən tikinti-quruculuq işləri barədə danışdı. Qeyd olundu ki, hazırda şəhərdə Gənclər evi inşa edilir. Burada oyun və idman zalları, kompyuter otaqları, diskoteka meydançaları, bar və restoranlar, rayona xas olan sənət nümunələrini əks etdirən guşələr və s. olacaq. Mərkəzin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
   İcra başçısı Qubanın turizm imkanları barədə də məlumat verdi. Bildirdi ki, rayonda son illər böyük istirahət mərkəzləri, müasir standartlara cavab verən hotel kompleksləri tikilib istifadəyə verilib: «Bu yaxınlarda ölkə başçısı Qubada qolf stadionunun tikintisi ilə bağlı sərəncam verdi. Stadionun yaxınlığında «Riksos hotel»in tikintisi başlanıb. Burada minlərlə turistin dincəlməsi üçün şərait yaradılacaq. Turistlərə xidmətin keyfiyyəti həmişə bizi narahat edib. Bu problemin aradan qaldırılması üçün rayonda turizm kollecinin yaradılması da nəzərdə tutulur. Görülən və hələ görüləcək işlərə nəzərən demək olar ki, Quba yaxın zamanlarda müasir və böyük turizm mərkəzlərindən birinə çevriləcək”. 

   Acı tariximizin yaddaşı
   
   İnfotur çərçivəsində ziyarət etdiyimiz məkanlardan biri soyqırımı məzarlığı oldu. 2007-ci ilin aprelində Quba şəhərinin şimal-qərb hissəsində, Qudyalçayın sağ sahilində yerləşən stadionun yaxınlığında yenidənqurma işləri aparılarkən aşkar edilən kütləvi məzarlıq hər kəsi dəhşətə gətirib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, burada 1918-ci ildə erməni-daşnak quldurları tərəfindən kütləvi qırğın törədilib. 500 kvadratmetr ərazini əhatə edən kütləvi məzarlıqda 600-dən çox insanın cəsədi ortaya çıxıb. Cəsədlərin əksəriyyəti qadın və uşaqlara aiddir. Bir çoxunun kəllə sümüyündə mismar tapılıb. Bu da erməni quldurlarının vəhşiliyindən xəbər verir.
   Tədqiqatlar zamanı məlum olub ki, 1918-ci ilin mayında Bakıda törədilən qırğınlarla yanaşı, daşnak-bolşevik lideri S.Şaumyanın tapşırığı ilə erməni generalı Amazaspın komandanlığı altında Qubaya xüsusi cəza dəstəsi göndərilib. Dəstə Qubada 2 mindən artıq günahsız insanı qətlə yetirib. Burada öldürülən insanların siyahısı da artıq müəyyənləşdirilib.
   İndi ərazidə böyük memorial kompleks tikilir. Kompleksin tikintisinin 2013-cü ilin mayında başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu məzarlığa diqqətin cəlb edilməsində yerli KİV nümayəndələrinin böyük zəhməti olub. 

   Rayonda çoxsaylı mədəniyyət obyektləri tikilir
   
   Qubada baş çəkdiyimiz məkanlar çox oldu. Bu məkanlar barədə Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov infotur iştirakçılarına məlumat verdi. Rayon mərkəzindəki Nizami parkının ərazisində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə muzey binası tikilir. Bina üç mərtəbədən ibarətdir. Binası qəza vəziyyətində olan A.Bakıxanov adına Quba Tarix-Diyarşünaslıq Muzeyi buraya köçürüləcək. Muzeyin yeni binası gələn ilin sentyabrında istifadəyə veriləcək.
   Rayonda tikinti işləri davam edən məkanlardan biri də Heydər Əliyev Parkıdır. 7 hektar ərazidə yerləşən parkda Heydər Əliyev Mərkəzi yaradılıb. Mərkəzin direktoru Elza Orucovanın sözlərinə görə, üçmərtəbəli binada ulu öndərin həyat və fəaliyyətini əks etdirən guşələrlə yanaşı, 2500 kitab fondu olan kitabxana da fəaliyyət göstərir.
   Parkın bir tərəfində yuxarıda qeyd etdiyimiz Gənclər evi, həmçinin “Yaşıl teatr”, digər tərəfində isə İcra Hakimiyyətinin yeni binası inşa edilir. Gənclər evində rayonun gənc sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi üçün lazımi şərait yaradılacaq. Gənclər evinin yanında Bayraq meydanı yerləşir. “Yaşıl teatr” isə 500 nəfər tamaşaçı tutumuna malik olacaq. Burada konsertlər, festivallar, digər tədbirlər keçiriləcək.
   
   Quba sənətkarlığının zirvəsi - xalçaçılıq
   
   İnfoturun sonuncu ünvanı xalça sənətinin yaşadıldığı «Aygün» kiçik müəssisəsi oldu. Müəssisənin direktoru Fatma Ağamirzəyeva bildirdi ki, müəssisə Azərbaycanın ilk qadın sahibkarlığı təşkilatıdır. 1988-ci ildən fəaliyyət göstərən müəssisə xüsusi sənət məktəbi kimi tanınır. Burada xalçaçılıq və modelyerlik üzrə tələbələr yetişdirilir. Tələbələrə dünyaca məşhur Quba xalça məktəbinin qədim texnologiyaları, boya formaları, rəng üslubları öyrədilir.
   Beləliklə, 2012-ci ilin «Sənətkarlıq paytaxtı»na səfərimiz maraqlı və zəngin təəssüratlarla yadda qaldı.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar