Beş qitədə, onlarla ölkədə olmuşdu...

 

Bu il Türkiyənin tanınmış müğənnisi, bəstəkar, televiziya aparıcısı Barış Mançonun (Mehmet Barış İsmail Hakkı oğlu Manço; 1943-1999) anadan olmasının 80-ci ildönümüdür. Şeir və bəstələri ilə musiqisevərlərin böyük rəğbətini qazanan sənətkar həm də uşaqların sevimlisi idi. O, türk musiqisinin dünyada təbliğinə böyük töhfələr vermiş, “Türkiyə Cümhuriyyətinin Dövlət sənətçisi” fəxri adına layiq görülmüşdü.

Barış Manço 1943-cü il yanvarın 2-də İstanbulun Üsküdar rayonunda musiqiçi ailəsində anadan olub. O, doğulanda İkinci Dünya müharibəsinin qızğın çağları idi. Buna görə də ailəsi ona Mehmet Barış adını qoyur. Musiqiçi, pedaqoq, yazıçı olan anası Riqqət Uyanık oğlunun sənətə gəlməsində mühüm rol oynayıb. Məktəbli ikən gitara çalmağı öyrənir, eyni zamanda anasından piano dərsləri alır. Mahnı bəstələməyə ilk dəfə “Qalatasaray” liseyində oxuyan zaman başlayır. “Kafadarlar” və “Harmoniyalar” adlı iki həvəskar musiqi qrupu yaradır və liseydə səhnəyə çıxardır.

1959-cu ildə atası dünyasını dəyişir. Barış “Qalatasaray” liseyindən ayrılaraq Şişli rayonundakı “Tərəqqi” liseyində təhsilini davam etdirir. Məzun olduqdan sonra Belçika Kral Akademiyasında təhsili alır. 1967-ci ildə Barış Fuad Gülər və Mazhar Alansonla birgə “Qayğısızlar” musiqi qrupunu yaradır. Üç il sonra qrup üzvlərinin yolları ayrılır. Elə həmin il o, Fransada yeni qrup yaradır. Bu kollektivlə işləri uğurlu alınır, 50-dən artıq konsert verirlər.

Barış Manço 1978-ci ildə Lalə Çağlar adlı xanımla ailə həyatı qurur. Doğukan və Batıkan adlı iki oğulları dünyaya gəlir.

 

19 yaşında ilk musiqi albomu

 

Barış Manço “Twist in USA” adlı ilk musiqi albomunu (val) 1962-ci ildə, 19 yaşı olarkən yazdırıb. Albomda iki mahnı yer alıb: “Twist in USA” və “The Jet”. Sənətçinin ümumilikdə 50-dən çox albomu çıxıb.

Barış Mançonun dillər əzbəri olan, bu gün də sevilərək dinlənilən mahnılarının arasında “Gülpəmbə”nin xüsusi yeri var. Çəhrayı yanaqlı mənasını verən “Gülpəmbə” mahnısının sözləri B.Mançonun özünə, musiqisi isə Əhməd Güvəncə aiddir. Müğənni müsahibələrinin birində “Sözüm məclisdən kənar” albomuna daxil olan və çıxdığı gündən böyük məşhurluq qazanan bu mahnını 1957-ci ilin Ramazan bayramında dünyasını dəyişən nənəsi Nimet Manço üçün yazdığını bildirib.

 

“7-dən 77-yə”, “Ekvatordan qütblərə”...

 

Müğənni bir-birindən gözəl nəğmələri ilə qəlblərə yol tapmaqla yanaşı, televiziya məkanında da şöhrət qazanıb, xüsusilə uşaqların sevimlisinə çevrilib. Barış Manço 1988-ci ildə “7-dən 77-yə” adlı proqramla tamaşaçılar qarşısına çıxıb. Ailə, uşaq və əyləncə proqramı olan “7-dən 77-yə” yalnız bazar günləri efirdə olur. “Adam olacaq çocuq” şüarı ilə 10 il yayımlanan veriliş 378 proqramdan sonra 1998-ci ildə fəaliyyətini dayandırır.

Müğənninin “Ekvatordan qütblərə” adlı televiziya layihəsi də böyük maraqla qarşılanıb. Öz qrupu ilə birlikdə beş qitədə 100-dən çox bölgəyə gedən sənətçi ümumilikdə 500 min km-dən artıq yol qət edib.

 

Saqqalı üzündən başına gələnlər...

 

Barış Manço zahiri görkəmi, geyim-kecimi ilə də seçilib. O, tamaşaçıların yaddaşında nurlu siması, uzun saçı və saqqalı ilə əbədiləşib. Onun bığ-saqqal saxlamağının da bir səbəbi olub. Müğənni 1967-ci ildə Hollandiyada avtomobil qəzasına düşür və dodağında dərin çapıq yaranır. Bundan sonra o, bığ-saqqal saxlamağa başlayır.

Sənətkarın uzun saçları məmləkətində bəzi adamların xoşuna gəlməyib, təhdidlərə məruz qalıb. Monqol musiqiçilərlə birlikdə yaratdığı “MançoMonqol” adlı qrupla Anadolu turnesinə çıxır. Qrupun son dayanacağı Kütahya şəhəri idi. Burada müğənninin imicini sevməyənlər konsertdən sonra tur avtobuslarına hücum edirlər. Xoşbəxtlikdən xəsarət alan olmur.

 

Azərbaycan sevgisi

 

200-dən çox mahnı bəstələyən Barış Manço ingilis və fransız dillərini də mükəmməl bilib. Həyatı boyunca 300-dən artıq mükafata layiq görülən sənətkar Azərbaycanı da ürəkdən sevib. Onun Azərbaycan sevgisi uzun illərə dayansa da, ölkəmiz müstəqilliyini bərpa etdikdən, qardaş Türkiyə ilə əlaqələr bərpa olunduqdan sonra Bakıya gəlmək imkanı reallaşıb...

Müğənnin Azərbaycana növbəti gəlişi 1996-cı ildə Novruz bayramına təsadüf edir. Prezident Heydər Əliyev Novruz şənliyində xalqımıza təbriklərini çatdırdıqdan sonra meydan musiqiçilərə verilir. Barış Manço da ifasını təqdim edir. Ulu öndər onu yanına çağırıb tanış olur. Bu fürsətdən istifadə edən müğənni Heydər Əliyevə TRT üçün müsahibə verməsini istəyir. Həmin ilin aprel ayında Barış Mançonun iştirakı ilə TRT-nin Prezident Heydər Əliyevlə müsahibəsinin çəkilişləri gerçəkləşir.

Sənətkar axırıncı dəfə Bakıya 1998-ci ildə gəlir. Ölkəmizdə ilk və son konserti də o zaman baş tutur...

 

“Unutma ki dünya fani...”

 

Müğənninin təkcə “Gülpəmbə” mahnısı deyil, “Can bədəndən çıxmayınca...”, “Domates, biber, patlıcan” (“Pomidor, bibər, badımcan”), “Yaz, dostum” və digər mahnıları təkcə Türkiyə və Azərbaycanda deyil, onlarla ölkədə müxtəlif dillərdə ifa olunub, sevilib.

Barış Manço 1999-cu il yanvarın 31-də gecə saatlarında İstanbulun Moda küçəsindəki evində infarkt keçirir və xəstəxanaya aparılır. Həkimlərin səylərinə baxmayaraq, məşhur nəğməsində “Unutma ki dünya fani...” deyən milyonların sevimlisi əbədiyyətə qovuşur. Fevralın 3-də Atatürk Mədəniyyət Mərkəzinə gətirilərək vida mərasimi keçirilir. İstanbulun Kanlıca qəbiristanlığında torpağa tapşırılır.

Sənətkarın 18 il ailəsi ilə birgə Moda küçəsində yaşadığı ev sonradan muzeyə çevrilib.

Hazırladı: N.Məmmədli