Cəmil Quliyev: “Bu gün dünya kinosunda mövzu və dramaturgiya problemləri var”

 

Onu hələ uşaq yaşlarımızdan Kərimov kimi tanımışıq, daha sonra kino xadimi Cəmil Quliyev olaraq sevmişik. Mədəniyyətin müxtəlif sahələrində çalışaraq hər zaman məsuliyyətlə bu işlərə öz töhfəsini verən kinorejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Film Fondunun direktoru professor Cəmil Quliyevin bu günlərdə 60 yaşı tamam oldu. Yubilyarla rəhbərlik etdiyi Dövlət Film Fondunda görüşüb söhbətləşdik.

 

– Cəmil müəllim, 60 illik ömrün yaradıcılıqla zəngin yollarında çoxsaylı pillələr qalxmısınız. Kino, televiziya, pedaqoji iş, ictimai fəaliyyət... Bütün bu işlərin öhdəsindən gəlmək çətin olmayıb ki?

– Mən öz həyat və yaradıcılıq yoluma nəzər salanda, təbii ki, özüm-özümə sual verirəm: nəyə nail ola bildim? Bu hesabatla da sanki həyatının müəyyən bir hissəsinə yekun vurursan. Onu deyə bilərəm ki, bu illər ərzində həyatımın ən mənalı mərhələlərindən biri “Azərbaycanfilm” kinostudiyasında çalışdığım dövr olub. Düzdür, mən orada az  çalışdım, kinostudiya tənəzzülə uğradı, bir müddət fəaliyyəti dayandı. Buna baxmayaraq, 12 il ərzində biz həm sənədli, həm bədii, həm də “Mozalan” satirik jurnalı üçün süjetlər çəkdik. Çox maraqlı bir dövr idi. Kinostudiyanın qaynayıb-qarışan dövrü idi. Sonra, Allah rəhmət eləsin, dostum, görkəmli kinorejissor Tofiq İsmayılov məni indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dəvət etdi. 1987-ci ildən orada çalışmağa başladım və bu gün də pedaqoji fəaliyyətimi davam etdirirəm. 1990-cı ildə bu təhsil ocağında Kino və televiziya kafedrası yarandı və Tofiq müəllim bir müddət həmin kafedraya rəhbərlik etdi. O, Türkiyəyə gedəndən sonra təxminən 10 il kafedranın rəhbəri oldum. Daha sonra Rüstəm İbrahimbəyovun “Kino məktəbi” yarandı və iki il də o məktəbin direktoru oldum.

Nəhayət, məni Dövlət Film Fonduna dəvət etdilər. Fonddakı fəaliyyətim həyatımın ən mənalı dövrlərindən oldu. Bu illər ərzində Azərbaycan kino irsinin qorunub saxlanılması, fondun zənginləşdirilməsi ilə bağlı müəyyən işlər görməyə çalışdıq. Həyatımın ən maraqlı dövrlərindən biri də Professional Kinorejissorlar Gildiyasının nəzdində fəaliyyət göstərən Beynəlxalq Audiovizual Festivalında direktor kimi çalışdığım mərhələni qeyd edə bilərəm. Bu festival 2000-2006-cı illərdə fəaliyyət göstərdi. Biz o zaman bu gün kinoda olan bir çox insanlara dəstək ola bildik. Bu festivalın çox gözəl bir məramı var idi, ətrafına gəncləri toplayırdı və bir çox ölkələrdən bura gənclər gəlirdi. Sonra maliyyə problemlərindən bu layihə davam etdirilmədi.

 

– Televiziyada fəaliyyətiniz də zəngin olub...

– Doqquz ilə yaxın televiziya sahəsində fəaliyyət göstərmişəm: üç il AzTV-nin “Mədəniyyət” kanalında, altı il də İctimai Televiziyada. Mən yaradıcılığı inzibati işdən üstün tuturam. Ona görə də ilkin sadaladığım dövr mənim üçün çox maraqlı və əzizdir.

 

– Bəs kino yolunuz necə başladı? Bu sevgi haradan qaynaqlanır?

– Kino sahəsinə marağım atamla bağlıdır. Atam Elşad Quliyev 1966-1990-cı illərdə Azərbaycan Televiziyasında çalışıb. Sonra da televiziya tənqidçisi kimi fəaliyyət göstərirdi. Məqalələri dərc olunur, kitabları işıq üzü görürdü. O, kinonu, teatrı çox sevdiyi üçün biz tez-tez yeni film və tamaşaları izləməyə gedirdik. Həmin dövrdə Bakıda fəaliyyət göstərən “Nizami”, “Azərbaycan”, “Vətən”, Cəfər Cabbarlı adına kinoteatrlar sanki bir məbəd idi. Məsəl üçün, bu gün dünya kinosunun şedevrlərinə çevrilmiş fransız, ingilis və italyan filmləri tez-tez nümayiş olunardı. Biz də hamısını izləməyə çalışardıq. Həmin dövrdən kinoya böyük marağım yarandı. Eyni zamanda teatr tamaşalarını da sevirdim. Azərbaycanın iki görkəmli teatr rejissoru Mehdi Məmmədov və Tofiq Kazımov atamla yaxın dost idilər. Onlar da hər zaman premyeralara bizi dəvət edirdilər. Düzdür, o zaman teatra uşaqları buraxmırdılar, amma elə bil mənim bir qədər immunitetim var idi. Sakit oturub sona kimi böyük maraqla səhnədə baş verənləri seyr edirdim. Bu iki sevgi arasında mən nədənsə teatrı yox, kinonu seçdim. Burada, təbii ki, təsadüfün də rolu oldu. Vaxtilə Şamil Mahmudbəyov məni “Şərikli çörək” filminə çəkməli idi. Sonra müəyyən səbəblərdən mən həmin filmdə rol ala bilmədim. Daha sonra Oqtay Babazadə məni “Leyla və dostları” filminə çəkməli idi. Onda da məni məktəbdən buraxmadılar, alınmadı. Amma qonşumuz, atamla dost olan görkəmli rejissor Arif Babayev tez-tez bizə gəlirdi. Həmin vaxtlar o, İçərişəhərdə yaşayırdı. Deyirdi ki, səni filmə çəkəcəyəm. Günlərin birində bu reallaşdı. “Alma almaya bənzər filmi”nin ikinci rejissoru Əşrəf Mamayev evimizə zəng edib məni sınaq çəkilişlərinə dəvət etdi. Mən Kərimov obrazını sevə-sevə ifa etdim. Sonra hətta çəkiliş vaxtı dərsdən qaldığım üçün oxuduğum 134 saylı məktəbdən məni xaric etdilər. Bir ay dərslərdə iştirak etməmişdim. Bundan sonra təhsilimi 20 nömrəli məktəbdə davam etdirməli oldum. Yəni kinoya sevgi prosesində həyatımda çox maraqlı hadisələr olub.

 

– Elə bu sevgi və maraq da yolunuzu Ümumittifaq Kinematoqrafiya İnstitutundan saldı...

– Bəli, Kinematoqrafiya İnstitutuna daxil oldum. Bu proses də maraqlı keçdi. Atam vəzifədə olduğu üçün mənə təyinat, yəni göndəriş vermirdilər. Deyirdilər bu, qanunaziddir. Göndəriş fəhlə və qulluqçular üçün nəzərdə tutulmuşdu. O zaman atam SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən Heydər Əliyevə müraciət etdi və Ulu öndər dəstək oldu, mənə yer ayırdılar. Ona görə də mən kinematoqrafiyaya gəlişimə görə Heydər Əliyevə borcluyam.

 

– Bakıya qayıtdıqdan sonra çalışdığınız ilk film hansı oldu?

– “Azərbaycanfilm”ə gəldim. Bir az çətinliklərim oldu. Bir neçə il film ala bilmədim. Allah Ceyhun Mirzəyevə rəhmət eləsin. “Mozalan”ın bədii rəhbəri idi. O, məni iki ilə yaxın kinojurnalda rejissor kimi saxladı. Daha sonra kinostudiyaya Ramiz Fətəliyev direktor gəldi. Filmlərimə baxdı və mənə film tapşırdı. “Cansıxıcı əhvalat” filmini lentə aldım. Sonra da “Söyüdlərin sarı işığı”nı çəkmək istədik. Lakin SSRİ dağıldı, maliyyə dayandı. Biz filmi çəkə bilmədik və heyət işsiz qaldı. Çox acınacaqlı vəziyyət idi. Kinostudiyanın qapıları bağlı idi. O zaman əmim, görkəmli aktyor Hacıbaba Bağırov bizə dəstək oldu. Təklif etdi ki, o vaxtkı Musiqili Komediya Teatrının repertuarında olan “Şirbalanın məhəbbəti” tamaşasını film kimi lentə alaq. O, filmi maliyyələşdirməyə sponsor da tapmışdı. İndi bəzən bu filmi bəsit süjetinə görə tənqid edirlər, amma bizim üçün o dövrdə əsas məqsəd həmin görkəmli sənətkarları lentə almaq idi. Film böyük dramaturgiyaya malik olmasa da, satirik-komediya janrında, yüngül formada çəkildi.

 

– 35 illik pedaqoji fəaliyyət. Heç “Bu illəri yaradıcılığa sərf edə bilərdim”, – deyə peşmanlıq çəkdiyiniz an olubmu?

– Bu 35 ildə mən kino sənətini tələbələrə aşılamışam. Marağı olan və olmayan da olub. Kinoya heç marağı olmayıb, təsadüfən gəlib düşənləri də görmüşəm. Amma biz maraq yaratmışıq və onlar kinoda qalıblar. Bu illər ərzində əsəbiləşdiyim və bütün zəhmətim hədərə gedir deyə fikirləşdiyim hallar da olub bəzən. Bu yaxınlarda ad günümlə bağlı çoxsaylı təbriklər aldım. Təbriklərin çoxu tələbələrimdən idi. Demək, mən kiminsə yaddaşında qalmışam və zəhmətim hədər getməyib.

 

– Cəmil müəllim, bu il kinomuz üçün yubileylərlə əlamətdardır...

– Bəli, bu il kinomuzun 125, “Azərbaycanfilm”in 100, Dövlət Film Fondunun isə 30 illik yubileyidir. Fond 15 il “Qələbə” kinoteatrında fəaliyyət göstərib. 2008-ci ildən bu yeni binadayıq. Fond Ulu öndər Heydər Əliyevin imzası ilə yaradılıb. Azərbaycan kino salnaməsinin qorunub saxlanılması, toplanılması əsas vəzifəmizdir. Bu vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Fond üçün yeni bina inşa olundu və 2009-cu ilin aprel ayında Prezident İlham Əliyev və Mehriban xanım binanın açılışında iştirak etdilər.

 

– Çəkmək arzusunda olduğunuz mövzu varmı?

– Arzusunda olduğum mövzu üçün yaxşı maliyyə və texnika, yaradıcı heyət  lazımdır. Qismət olsa, nə zamansa çəkilər. Amma tələm-tələsik hansısa işi ərsəyə gətirmək istəmirəm.

 

– Azərbaycan və dünya kinosundan yüksək qiymətləndirdiyiniz filmlər hansılardır?

– Azərbaycan kinematoqrafiyasında mənim üçün ilk kinorejissor Səməd Mərdanov və onun Moskvada aldığı mükəmməl təhsil böyük önəm kəsb edir. Eyni zamanda o, Azərbaycanda müəllif kinosunun – “Kəndlilər” filmini nəzərdə tuturam – yaradıcılarından biri olub. Bu filmi yüksək qiymətləndirirəm. Dünya kinosunda isə Çarli Çaplinin “Böyük şəhərin işıqları” və “Sirk” filmi, eləcə də Federiko Fellininin “Səkkiz yarım” filmi çox əzizdir. Bu filmdə sənət adamının keçirdiyi daxili iztirab və sarsıntılar öz əksini tapıb. Filmin qəhrəmanı rejissordur və o, filmi çəkərkən bilmir necə başlayacağını. Bu film mənim üçün örnək ekran əsəridir. İroniya, faciə var bu filmdə. Həyatımın ən çətin anlarında, yaxud da ayda heç olmasa bir dəfə bu filmə baxıram və təskinlik tapıram.

 

– Azərbaycan kinosunun keçmişi və bu günündən danışsaq...

– Azərbaycan kinosunda qiyməti olmayan çox nadir filmlər var. Abbas Mirzə Şərifzadə, Qəmər Salamzadə, Səməd Mərdanov, Mikayıl Mikayılovun filmləri. Düzdür, bu işlər bugünkü filmlərlə rəqabətə girə bilməz. Filmə zamanın prizmasından baxmaq lazımdır. 1925-ci ildə lentə alınan filmi 2023-cü ildə çəkilən ekran əsəri ilə müqayisə etmək düzgün deyil. Kino inkişafda olan sənətdir. Bu gün isə kinematoqraf çox çətin, çox ziddiyyətli və ecazkar bir sənətdir. Uzun inkişaf yolu keçən dünya kinosunda bu gün mövzu və dramaturgiya problemləri var. Biz bu istiqamətdə işləməliyik. Deyə bilərsiniz ki, bu gün bizdə Qarabağ mövzusu var. Bəli, biz bu gün mütləq Qarabağ mövzusunda filmlər lentə almalıyıq. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Qələbə çaldı, düşməni darmadağın etdi. Bu haqda həm sənədli, həm də bədii filmlər lentə alınmalıdır. Hərbi-vətənpərvərlik mövzusu üçün bizdə böyük bir zəmin var. O ki qaldı digər mövzulara, bu mövzuların axtarışında problemlər var. Sanki mövzu tükənir. Melodramlar, psixoloji dramlar və s. mövzu ilə bağlı geniş axtarışlar olmalıdır. Müasir kinomuz da bu gün axtarışdadır, nəsillərin dəyişməsi baş verib. Kinonun mədəniyyəti də dəyişir. Bizim nəsil bu dəyişikliklərlə bəzən razılaşmır. Festivallarla da bağlı narazılıqlar olur. Avropa kino dairələrinin isə öz maraqları var. Lakin mən Azərbaycan kinosunun gələcəyinə nikbin baxıram.

 

– Kərimovdan sonra aktyor kimi təklif aldığınız filmlər oldu?

– Bəli, Oleq Səfərəliyevin 1988-ci ildə çəkdiyi “Murad – Sad” filmində, Ziya Şıxlinskinin  bir filmində, adı indi yadıma düşmür, Gülbəniz Əzimzadənin “Torpağın duzu”, Şamil Nəcəfzadənin “Hotdoq” bədii filmində və qısametrajlı filmlərində rol almışam. Heç vaxt qarşıma böyük rollar oynamaq planı qoymadım. Eldar Quliyevin “Nə gözəldir bu dünya” və Rasim Ocaqovun “Otel otağı” filmlərində çəkilmişəm. Amma tam əminliklə deyirəm ki, mən böyük rolların da öhdəsindən gələ bilərəm. Çünki daxilimdə aktyor potensialım güclüdür və mən aktyor ifa tərzinin sistemini də yaxşı bilirəm. Təbii ki, rejissorlar məni hansı rolda görüblərsə, böyük məmnuniyyətlə ifa etmişəm. Hətta Moskvada M.Qorki adına kinostudiyada lentə alınan “Görüş” filmində mən ikinci rol yaratmışam. Buna o qədər də əhəmiyyət vermirəm. Aktyorluq mənim üçün bir hobbidir. Son dəfə Yavər Rzayevin “Həsən Seyidbəyli” filmində rol aldım.

 

– Kino sizin üçün nədir?

– Kino mənim üçün böyük bir zaman və sirləri açılmamış ecazkar bir aləmdir. Təsəvvür edin, işıqlar sönür, qaranlıq zalda proyektorun işığı yanır və tamam başqa bir dünyaya düşürsən. Fransız kinoşünas Mozen deyirdi ki, kino möcüzədir. İnsan zamanı çəkir qoyur qutuya və lazım olanda götürüb baxır. Fotoqrafiya zaman pəncərəsidir. Kino da mənim üçün kəşf olunmamış bir dünyadır. İnanıram ki, o, sona qədər kəşf olunmayacaq.

 

– Sonda ənənəvi bir sual: yenidən həyata gəlsəydiniz, yenə də rejissor olardınızmı?

– Yəqin ki, hə. Amma bir çox məqamlara yenidən baxardım. Bir də əgər dünyaya yenidən gəlsəydim, həkim olmaq istərdim.  

 

– Maraqlıdır, niyə həkim?

– Bəzən sevdiyimiz insanların xəstəliyini görəndə onlara kömək edə bilmirik. Amma ailədə həkimin olması çox böyük bir dəstəkdir. Anam 2020-ci ildə koronavirusdan rəhmətə getdi. Həkim olsaydım, bütün biliklərimi səfərbər edib bəlkə də onu xilas edərdim. Həkim olanda sən ailəndəki insanların sağlamlığının keşiyində dura bilirsən. Qardaşım həkimdir, amma o da uzun illərdir bu sahədə çalışmır.

 

– Sizə təşəkkür edirəm. İnşallah, 10 il sonra – 70 illik yubileyinizdə elə “Mədəniyyət” qəzeti üçün yenidən həmsöhbət olarıq.

– Bu gözəl arzu mənim çox xoşuma gəldi. Təşəkkür edirəm. Ən böyük arzum isə nəvəmi böyütmək, uğurlarını görməkdir.

Lalə Azəri