Azərbaycan
19 iyul 1915 – Xalq artisti, opera müğənnisi (bariton) Ağababa Balağa oğlu Bünyadzadə (1915 – 17.12.1974) Bakının Kürdəxanı kəndində doğulub. 1938-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.
19 iyul 1946 – Əməkdar rəssam Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli; 1946 – 4.9.2022) Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub. “Dədə Qorqud”, “Qoca qarabağlı” və s. əsərləri xüsusilə məşhurdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışıb.
19 iyul 2011 – Prezident İlham Əliyev Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
19 iyul 2017 – Prezident İlham Əliyev Xalq artisti, milli teatr və kino sənətinin görkəmli nümayəndəsi Məhluqə Sadıqovanın 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
19 iyul 2019 – Prezident İlham Əliyev görkəmli dilçi alim, türkoloq, akademik, Dövlət mükafatı laureatı Məmmədağa Şirəliyevin 110 illik yubileyi haqqında sərəncam imzalayıb.
20 iyul 1903 – Əməkdar incəsənət xadimi Bəxşi Həsən oğlu Qələndərli (1903 – 14.9.1985) Xankəndidə doğulub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında baş rejissor, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor işləyib.
20 iyul 1933 – Əməkdar rəssam Məmmədəli Namazəli oğlu İsmayılov (1933 – 21.8.2010) Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rəssam işləyib.
20 iyul 1936 – Tarixçi, arxeoloq, AMEA-nın müxbir üzvü Vəli Hüseyn oğlu Əliyev (1936–2020) Şəki rayonunun Daşbulaq kəndində anadan olub.
20 iyul 1946 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Ağahüseyn oğlu Dadaşov (1946-2017) Bakıda anadan olub. Bir sıra filmlərin (“Yol əhvalatı”, “Qətl günü” və s.) ikinci rejissoru olub, sənədli filmlər çəkib.
20 iyul 1948 – Xalq artisti, aktyor, rejissor Ramiz Hacıağa oğlu Əzizbəyli (1948 – 9.6.2021) Bakıda anadan olub. Filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb, “Pirverdinin xoruzu”, “Bəxt üzüyü”, “Yalan” bədii filmlərinə quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
20 iyul 2001 – Prezident Heydər Əliyev məşhur xanəndə, Xalq artisti Xan Şuşinskinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
20 iyul 2021 – Əməkdar mədəniyyət işçisi, teatr və kino xadimi Zemfira Baba qızı Babayeva (17.11.1954 – 2021) vəfat edib.
21 iyul 1950 – Xalq artisti Məmmədbağır Bağırzadə (1950 – 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.
21 iyul 1964 – Əməkdar mədəniyyət işçisi Nairə Hafiz qızı Sadıxova (1964 – 4.9.2021) Bakıda doğulub. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor müavini olub.
21 iyul 1978 – “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında” Azərbaycan SSR Qanunu qəbul olunub. Qanun 1979-cu il yanvarın 1-dən qüvvəyə minib.
21 iyul 1981 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi görkəmli şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul edib. Qərarda Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeylərinin yaradılması, ədibin adının əbədiləşdirilməsi ilə bağlı digər tədbirlər nəzərdə tutulmuşdu.
Dünya
19 iyul 1834 – Fransız rəssamı və heykəltaraşı Edqar Deqa (Edgar Degas – Hilaire Germain de Gas; 1834-1917) anadan olub.
19 iyul 1898 – Alman filosofu və sosioloqu Herbert Markuze (Herbert Marcuse; 1898-1979) anadan olub.
19 iyul 1893 – Rus şairi Vladimir Mayakovski (1893 - 14.4.1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Hamam” və s.
19 iyul 1938 – Gürcüstanın Xalq artisti, tanınmış estrada müğənnisi, aktyor Vaxtanq Konstantinoviç Kikabidze (1938 – 15.1.2023) anadan olub.
20 iyul 1304 – İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304-1374) anadan olub.
20 iyul 1864 – İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931) Erik Karlfeldt (Erik Axel Karlfeldt; 1864-1931) anadan olub.
20 iyul 1882 – Alman filosofu Nikolay Hartman (Nikolai Hartmann; 1882-1950) anadan olub. Fəlsəfədə yeni (tənqidi) ontologiyanın banisi sayılır.
20 iyul 1895 – Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895-1946) anadan olub.
20 iyul 1924 – Rus rejissoru, SSRİ Xalq artisti Tatyana Mixaylovna Lioznova (1924-2011) anadan olub. Filmləri: “Baharın on yeddi anı” teleserialı, “Karnaval” və s.
21 iyul 1893 – Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893-1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s.
21 iyul 1899 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954) Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 – 2.7.1961) anadan olub. Əsərləri: “Kişisiz qadınlar”, “Əlvida, silah”, “Əcəl zəngi kimin üçün çalınır” (romanlar), “Qoca və dəniz” (povest) və s.
21 iyul 1910 – Rus rəssamı, tarixi mövzuda monumental əsərlər müəllifi Vladimir Serov (1910-1968) anadan olub. SSRİ Rəssamlar İttifaqına rəhbərlik edib.
21 iyul 1933 – Amerika yazıçısı Con Qardner (John Champlin Gardner; 1933-1982) anadan olub. “Qrendel” romanı ilə məşhurlaşıb, yazıçılıq peşəsini öyrənənlər üçün “Ədəbiyyat sənəti” əsərinin müəllifidir.
Hazırladı: V.Orxan