Dekabrın 7-də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə «Park İnn» mehmanxanasında «Azərbaycanda mədəniyyət və turizm qanunvericiliyinin mövcud durumu və inkişaf perspektivləri» mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Elmi-Metodiki Mərkəz tərəfindən nəşr edilmiş ikicildlik “Azərbaycan Respublikasının mədəniyyət və turizm qanunvericiliyi toplusu” təqdim olundu.
Mərkəzin direktoru Vilayət İsmayılov tədbiri açaraq ölkəmizdə mədəniyyət və turizmin inkişafında müvafiq qanunvericilik bazasının əhəmiyyətini qeyd etdi: “Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində inkişaf gedir. Bu inkişafın təmin olunmasının ən əsas zəminlərindən biri müxtəlif sahələri idarə edən, ona əsas yaradan qanunvericiliyin dövrün tələblərinə uyğunlaşdırılmasıdır.
Biz qloballaşma şəraitində yaşayırıq. Hər bir ölkə dünyaya inteqrasiya etmək, digər ölkələrlə əməkdaşlıq, dialoq qurmaq istəyir. Bu xüsusda qanunvericilik aktları da dövrün tələblərinə uyğun olmalıdır ki, dialoq faydalı və səmərəli olsun, ölkələr bir-birinin təcrübəsini öyrənsin, qabaqcıl təcrübə tətbiq olunsun. Azərbaycanda mədəniyyət və turizmin inkişafı yüksək səviyyədədir, ölkəmiz hər iki sahə üzrə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bununla yanaşı, istər mədəniyyət, istərsə də turizm sahəsində qanunvericiliyin dövrün tələblərinə uyğunlaşdırılması və yeni qanunların qəbulu mühüm məsələdir».
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov bildirdi ki, müasir dövr öz inkişaf templərinə, cəmiyyətdə və dünyada baş verən dəyişikliklərə görə çox fərqlənir. Belə bir şəraitdə, digər sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahələrində də dərin proseslər gedir, iqtisadi, struktur və texniki dəyişikliklər baş verir: “Təbii ki, bu sahələri inkişaf etdirmək üçün əsasən iki problemi həll etmək lazımdır. Bunlar infrastruktur və qanunvericiliklə bağlı problemlərdir. Hazırda Milli Məclis və Mədəniyyət və Turizm Nazirliyi hər iki sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı ardıcıl, məqsədyönlü işlər görür. «Mədəniyyət haqqında» yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib, üçüncü oxunuşa hazırlıq gedir. Güman edirik ki, ilin sonuna qədər qanun qəbul olunacaq. Prezidentin sərəncamı ilə xarici ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzləri yaradılır. Artıq Özbəkistanda, Fransada belə mərkəzlər fəaliyyət göstərir, digər ölkələrdə də yaradılacaq. «Mədəniyyət haqqında» yeni qanuna bu mərkəzlər haqqında maddə əlavə olunub.
Turizm sahəsində də yeni qanun layihəsi hazırlanıb. Layihə nazirliyin saytında yerləşdirildi, ictimaiyyətin müzakirəsinə verildi. Təəssüflər olsun ki, cəmiyyətdə layihə ilə bağlı elə də geniş müzakirələr getmədi. Amma mütəxəssislər öz fikir və təkliflərini bildirdilər. Həm mədəniyyət, həm də turizm haqqında qanunlara beynəlxalq ekspertlərin rəyi öyrənilib. «Turizm haqqında» qanun layihəsi də tərcümə edilərək, BMT-nin Dünya Turizm Təşkilatına göndərilib. Çünki biz istəyirik ki, bu qanun beynəlxalq standartlara, konvensiyalara uyğun olsun. Qanun layihəsi ilkin variantda artıq Milli Məclisə təqdim olunub».
Aparat rəhbəri qeyd etdi ki, turizm sahəsi də mədəniyyət sahəsi kimi dünyada gedən proseslərlə üzləşir. Azərbaycan bu sahədə yeni mərhələyə qədəm qoyub: «Köhnə qanunun qəbul olunmasından 10-12 il vaxt keçib. Bu müddətdə ölkəmizdə turizm sahəsi böyük inkişaf yolu keçib, bu sahədə mühüm transformasiya baş verib, turizm dövlət tərəfindən idarə olunur. Əvvəl turizm qanunu hazırlananda dövlət strukturunda, ümumiyyətlə, turizm yox idi, həmin sahəyə ictimai təşkilat rəhbərlik edirdi. 2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyi, 2006-cı ildən isə Mədəniyyət və Turizm Nazirliyi bu sahədə dövlət siyasətini həyata keçirir. Bunları nəzərə aldıqda, təbii ki, qanunda dəyişiklik lazım idi».
Firudin Qurbanov onu da bildirdi ki, nazirlik olaraq bu tədbirdən çox şey gözləyirlər: «Çünki bura mütəxəssislər toplaşıb. Onların təklif və rəyləri bizim üçün çox dəyərlidir. Hələ qanunlar qəbul olunmayıb, ona görə də yaxşı olardı ki, burada səsləndirilən təkliflər ümumiləşdirilib bizə göndərilsin. Biz də onları Milli Məclisə təqdim edəcəyik».
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qanunun qəbulu ilə bərabər, onun tətbiqinin də vacib məsələ olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, bu səbəbdən də qanunlar hazırlanarkən yerli strukturların, mütəxəssislərin fikirləri, rəyləri mütləq nəzərə alınır: “Çalışırıq ki, Mədəniyyət və Turizm Nazirliyi ilə bu sahədə sıx işləyək. Hətta bizim qanunların xeyli hissəsi baza olaraq Mədəniyyət və Turizm Nazirliyində hazırlanır. Bunu ona görə edirik ki, hökumət orqanı bu sahədə çalışsın, təkliflər versin ki, sonra da praktik gedişata nəzarət etsin. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz dəfələrlə belə müzakirələrə həsr olunan tədbirlər təşkil edib. Müzakirə olunan məsələlər ümumiləşdirilərək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Milli Məclisə göndərilir. Əminəm ki, bu tədbirin də nəticələri nəzərə alınacaq».
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Fariz Şirinov ölkəmizdə mədəniyyət və turizm qanunvericiliyinin mövcud durumu və inkişaf perspektivləri haqqında danışdı.
Turizm İnstitutunun Turizmin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov “Turizm haqqında» yeni qanun layihəsi ilə bağlı fikirlərini bölüşdü, bir sıra maraqlı təkliflər də irəli sürdü. Onun sözlərinə görə, yeni qanunda elektron turizm haqqında müəyyən maddələr olmalıdır. Bundan əlavə, turizmi idarə edən orqanın xarici ölkələrdə ofisləri yaradılmalı və bu ofislər Azərbaycanın turizm imkanlarının, mədəniyyətinin təbliği ilə məşğul olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq elmləri namizədi Vüsal Quliyev «Heydər Əliyevin mədəniyyət və turizm qanunvericiliyində rolu», Mədəniyyət və İncəsənət Universitetinin professoru İlqar Hüseynov «Turizmin inkişafı və onun kulturoloji mahiyyəti», Turizm İnstitutunun dosenti Çingiz Gülalıyev “Turizmin dövlət tənzimlənməsi» mövzusunda çıxış etdilər.
Tədbirin sonunda «Azərbaycan Respublikasının mədəniyyət və turizm qanunvericiliyi toplusu”nun təqdimatı keçirildi. İkicildlik toplunu Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Mədəniyyət və Turizm Nazirliyi ilə birgə nəşr edib. Topluda Azərbaycanda 1994-cü ildən 2011-ci ilin sentyabrına qədər turizm və mədəniyyət sahəsində mövcud olan qanunlar, sərəncamlar, normativ-hüquqi aktlar və s. əksini tapıb.
Fəxriyyə Abdullayeva