Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanında rəhbərliyə gəlişinin 54-cü ildönümü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində tədbirlər keçirilib.

Qarabağ RMİ və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondakı Heydər Əliyev parkında konsert proqramı keçirilib. Konsertdə rayon Mədəniyyət Mərkəzi və Uşaq musiqi məktəbinin kollektivləri çıxış ediblər.

Tərtər rayon Heydər Əliyev Mərkəzində isə əlamətdar ildönümü münasibətilə dəyirmi masa keçirilib. Əvvəlcə iştirakçılar Ulu öndərin 100 illiyinə həsr olunmuş kitab sərgisinə baxıb, onun həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Çıxışlarda qeyd olunub ki, müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının təməli Ümummilli lider tərəfindən qoyulub.

***

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ümummilli liderə həsr olunan şeirlər səsləndirilib, videoçarx nümayiş olunub. Qeyd edilib ki, 1969-cu ildən başlayan inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası olub.

***

Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti haqqında məlumat verilib. Daha sonra Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mərkəzdə nümayiş etdirilən sərgilərə baxış olub.

***

Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Xidmət şöbəsində təşkil olunan tədbirdə Heydər Əliyevin Azərbaycanda kitabxana sahəsinə göstərdiyi diqqət və qayğını, kitabxanaçılarla görüşünü əks etdirən videoçarx nümayiş olunub.

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə keçirilən tədbirdə “14 iyul tərəqqi yolunun başlanğıcı”, “1969-1982-ci illərdə Gəncə şəhərinin inkişafında Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və Azərbaycan muzeyləri” və s. mövzularda çıxışlar dinlənilib.

***

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində təşkil edilən dəyirmi masada çıxış edənlər bildiriblər ki, müasir Azərbaycanın 30 ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir mərhələsi Ümummilli liderin adı ilə bağlıdır.

***

Qazax rayonundakı Heydər Əliyev Mərkəzində də İcra Hakimiyyəti ilə birgə Ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü qeyd edilib. Tədbirdə çıxışlar olub, Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

***

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” adlı tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin xalqımızın taleyində silinməz izlər qoyduğunu vurğulayıblar. Sonra “Əsrin adamı” filmi nümayiş olunub.

N.Məmmədli