Milli nəfəs musiqi alətlərinin Azərbaycan mədəniyyətində xüsusi yeri var. Bu alətlərin ilk sadə nümunələri eramızdan əvvəl qarğı və qamışdan hazırlanıb. Bu ənənə dövrümüzə qədər yaşayıb və bu gün də davam etdirilir.

“Mədəniyyətə könül verənlər” rubrikasında bu dəfə milli nəfəs alətləri ifaçısı, Əməkdar mədəniyyət işçisi Rəhman Ələsgərov haqqında bəhs edəcəyik.

Rəhman Rasim oğlu Ələsgərov 1971-ci il mayın 4-də Şamaxı rayonunun Məlhəm kəndində musiqiçi ailəsində anadan olub. Uşaq yaşlarından musiqiyə maraq göstərib. 1991-1996-cı illərdə Şamaxı rayon H.Məmmədov adına 2 saylı musiqi məktəbində təhsil alıb. Onun bu sənətə yiyələnməsində atasının böyük əməyi olub: “Atam, Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərov qarazurna və balaban ifaçısıdır. O, bu sənətdə mənim ilk müəllimim olub. Ondan ilk dəfə qoşanağara alətinin sirlərini öyrəndim. 1981-ci ildə atamın yaratdığı “Şirvan” folklor xalq kollektivinin üzv oldum. Hazırda həmin kollektivin idarə olunmasında atama köməklik edirəm”.

Müsahibim bir neçə musiqi alətində – qarazurna, balaban, tütək, ney, saz, nağara, çubuq nağarası, qoşanağara, davul və təbildə peşəkarlıqla ifa etməyi bacarır. O, “Şirvan” folklor xalq kollektivinin üzvü kimi dövlət tədbirlərində, konsertlərdə, eləcə də Rusiya, İran, Türkiyə, Rumıniya, İsveçrə, Qazaxıstan, Özbəkistan, Fransa və s. Azərbaycan mədəniyyətini və incəsənətini təmsil edir. Musiqiçi “Şirvan” folklor xalq kollektivi ilə bərabər, nağara ifaçısı, Xalq artisti Natiq Şirinovun yaratdığı “Natiq” ritm qrupunda da səkkiz ilə yaxın çalışıb. “Natiq” ritm qrupu ilə Tayvanda, Rusiyada qastrollarda olub, Azərbaycanda bir çox dövlət tədbirlərinə qatılıb.

2007-ci ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən güləş üzrə dünya çempionatı, 2012-ci ildə paytaxtda təşkil edilən “Avroviziya” mahnı müsabiqəsinin açılış mərasimlərində çıxış edib. O, eyni zamanda “Yalan”, “Azarkeş”, “Ər quyusu” və “Mübariz” filmlərində musiqilər səsləndirib. Bu günədək Azərbaycanın milli rəqslərindən və xalq musiqilərindən ibarət iki albomu işıq üzü görüb, dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Rəhman Ələsgərov bir sıra yeniliklərə də imza atıb. 2005-ci ildə qarazurnanın səs oyadıcısını, qamış parçasından olan dilini plastiklə əvəz edib. Bu ixtiraya görə 2007-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən patent alıb. 2022-ci ildə isə balabanın qarğı parçasından olan dilini plastiklə əvəz etməyə nail olub. İfaçının dediyinə görə, həmin ixtiralara Azərbaycanın bir sıra incəsənət və elm xadimləri rəy verib və müsbət fikirlər söyləyiblər.

Ailədən gələn bu sənəti hazırda oğlu Fəqan Ələsgərov da davam etdirir: “Fəqan hazırda Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri şöbəsi Balaban fakültəsinin IV kurs tələbəsidir. Azərbaycan Dövlət Rəqs Ansamblında qarazurna, balaban və tütək ifaçısı kimi çalışır”.

Rəhman Ələsgərov dövlət başçısının müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2015-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Gələcək planları haqqında da məlumat verən musiqiçi aşıq sənəti və milli qəhrəmanlıq havalarımızdan ibarət 3-cü albomu üzərində işlədiyini bildirir. Bundan başqa, üzvü olduğu “Şirvan” folklor xalq kollektivi ilə bərabər, bir sıra tədbirlərə də dəvət alıb. Həmin tədbirlərdə yüksək səviyyədə çıxış etmək üçün kollektivlə birgə hazırlaşır.

Biz də musiqiçiyə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Nurəddin