Deyilənə görə, vaxtilə bu yerlərdə «Masal» adlı qəbilə yaşayırmış. Arxeoloqların apardıqları qazıntılar da təsdiq edir ki, Masallı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Burada 20 min il əvvəl yaşayış olub. Digər bir versiyaya görə, «Masallı» toponiminin yozumu folklor nümunəsi olan “misallar”la bağlıdır. Bunun da həqiqətə nə dərəcədə yaxın olduğunu söyləmək çətindir. Amma o da həqiqətdir ki, Masallı ölkəmizin zəngin folklor irsinə malik bölgələrindəndir.
Təsadüfi deyil ki, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində Masallı 2012-ci il üzrə Azərbaycanın “Folklor paytaxtı” elan edilib. “Sənətkarlıq paytaxtı” Quba və “Əfsanələr paytaxtı” Gədəbəydən sonra budəfəki səfər ünvanımız “Folklor paytaxtı” ilinə yekun vuran Masallı oldu. Dekabrın 15-16-da gerçəkləşən infoturda nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin aparıcı məsləhətçisi Rəşad Əliyev, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva və media nümayəndələri iştirak edirdilər.
* * *
Masallı Azərbaycanın cənub-şərqində, Bakıdan 230 km məsafədə yerləşir. 210 min nəfər əhalisi olan rayon şərqdən Xəzər dənizi, qərbdən isə Talış dağları ilə əhatələnib ki, bu da bölgədə geniş turizm potensialının olmasını şərtləndirir. Lakin Masallının turizm imkanları təkcə əlverişli coğrafi şəraiti, təbii gözəlikləri ilə bağlı deyil. Bölgədəki zəngin mədəni irs, qədim abidələr (Ərkivan qülləsi, Digan və Boradigah kəndlərindəki XVI əsrə aid məscidlər, Seyid Sadıq məqbərəsi və s.), Musaküçə, Türkoba, Qəriblər, Kolatan, Sığdaş və başqa kəndlərdə tarixən inkişaf etmiş ənənəvi xalq sənəti (həsir, dulusçuluq, ağac məmulatları, xalçalar, corablar) və əlbəttə ki, Masallının zəngin xalq yaradıcılığı buraya gələn qonaqlar üçün böyük maraq kəsb edir.
Tədbirlər ilboyu davam edib
Biz rayon mərkəzinə çatanda “Masallı-2012. Azərbaycanın folklor paytaxtı” çərçivəsində yekun tədbirin başlanmasına az qalmışdı. Yeni istifadəyə verilmiş Gənclər Mərkəzinin konfrans zalında rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və Bakıdan gedən digər qonaqlar toplaşmışdı.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Masallının «Folklor paytaxtı» elan edilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri Nəsir Muxtarlı açaraq il ərzində görülən işlərdən danışdı. Onun sözlərinə görə, müvafiq tədbirlər planına əsasən il ərzində rayonda müxtəlif müsabiqələr, festivallar, sərgilər keçirilib. «Folklor ili» çərçivəsində rayonda reallaşdırılan ən böyük tədbirlərdən biri isə beynəlxalq folklor festivalı olub. Tədbirə Türkiyə, İran, Latviya, Rusiyanın Kabardin-Balkar Respublikasından folklor ansamblları qatılıb.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev bildirdi ki, «Xalq Yaradıcılığı Paytaxtları» arasında Masallının xüsusi yeri var: “İl ərzində burada keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər onu deməyə əsas verir ki, Masallıda mədəniyyət sahəsində böyük inkişaf var. Eyni zamanda, bölgədə belə tədbirlərin təşkili, çoxsaylı qonaqların qəbulu üçün hərtərəfli şərait, imkanlar mövcuddur. Sentyabr ayında Masallıda yüksək səviyyədə təşkil olunan beynəlxalq folklor festivalı bunu bir daha sübut etdi. Festival göstərdi ki, rayonlarımızda belə tədbirləri keçirmək olar. Mən şübhə etmirəm ki, bu tədbirlərin davamı olacaq. Artıq bunun üçün imkan və təcrübə var».
F.Babayev nazirliyin «Xalq Yaradıcılığı Paytaxtları» layihəsinin 2014-cü ildən sonra da bir qədər fərqli nominasiyalarla davam edəcəyini dedi. Onun sözlərinə görə, növbəti illərdə Azərbaycanın musiqi, ədəbiyyat paytaxtları nominasiyaları elan ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov Masallıda keçirilən bütün tədbirlərdə iştirak etdiklərini bildirdi. Onun sözlərinə görə, institutun əməkdaşları tərəfindən bölgənin folklor nümunələri toplanaraq «Azərbaycan folklor antologiyası. Masallı folklor örnəkləri» kitabı çap edilib.
Rayon ağsaqqalı Ələşrəf Nuriyev ictimaiyyət adından tədbirlərin təşkilində və yüksək səviyyədə keçirilməsində rolu olan insanlara təşəkkür etdi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov il ərzində keçirilən tədbirlərdə fəallıq göstərmiş bir sıra mədəniyyət işçilərini fəxri fərmanla təltif etdi. Sonra tədbir bədii hissə ilə davam etdirildi. “Masallı” rəqs ansamblı, «Halay» folklor ansamblı, «Həcər» halay ansamblı, muğam ifaçıları Ehtiram Hüseynov və Kamilə Babayevanın çıxışları alqışlarla qarşılandı.
Məşhur Qala bazarı bərpa olunacaq
Sonra Gənclər Mərkəzinin akt zalında rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov jurnalistlərin suallarını cavablandırdı, görülən işlərlə bağlı ətraflı məlumat verdi. Onun sözlərinə görə, Masallı əhalisinin sayına görə Azərbaycanın ən böyük rayonlarından biridir: «Gözəl təbiəti, mineral suları, mədəniyyət və incəsənət ənənələri bölgənin geniş turizm imkanlarından xəbər verir. Çoxlu turizm obyektlərimiz var. Onlarda xidmətin keyfiyyətinin artırılması istiqamətində işlər görülür. Bunun üçün yaxın vaxtlarda Masallıda Turizm Peşə Məktəbi fəaliyyətə başlayacaq. Rayonda yüksək standartlara cavab verən «Viləş», «Nağıl dünyası» hotelləri istifadəyə verilib. Termal su mənbələrinin yaxınlığında turizm obyektləri fəaliyyət göstərir. Bu yerlər xarici ölkədən qonaqları da çox cəlb edir. Rayonumuza il ərzində təxminən 16-20 min nəfər turist gəlir».
Qarşıdakı planlardan danışan icra başçısı bildirdi ki, rayon ərazisində vaxtilə mövcud olmuş Qala bazarının ilkin modelinin layihələndirilməsi üzərində iş gedir: «Burada dulusçular, həsirçilər əl işlərini təqdim edəcək, rayonun özünəməxsus mətbəxi nümayiş olunacaq, qədim ənənələr yaşadılacaq. Bu məkan eyni zamanda turizm nümayiş obyekti kimi rayona gələn qonaqlara xidmət edəcək. Masallı Mədəniyyət evinin təmiri başa çatır, gələn il istifadəyə veriləcək. Kənd mədəniyyət evlərinin təmiri nəzərdə tutulur. 2012-ci ildə Gənclər Mərkəzi, yay konsert salonu istifadəyə verilib».
Minbir dərdin dərmanı - İstisu
Tədbirdən sonra Masallı İstisu Fatimeyi-Zəhra Şəfa Sanatoriyasına baş çəkdik. Müalicə-istirahət mərkəzi Masallı şəhərindən 13 km-lik məsafədə, Viləş çayının sahilində yerləşir. Burada yerin təkindən 60 dərəcə temperaturda isti su çıxır. Suyun tərkibində müxtəlif mineral maddələr (hidrogen-sulfid, maqnezium-hidrokarbonat və s.), hər litrində 30 milliqram yod var. 1960-cı illərin əvvəllərində məşhur həkim-alim Mir Kazım Aslanlı-Sarəng elmi yolla sübut edib ki, buradan çıxan təbii su ilə revmatizm, dəri xəstəlikləri, böyrək və sidik yolları xəstəlikləri, hipertoniya, prostatit, qaraciyər və öd yolları, mədə-bağırsaq, qadın xəstəlikləri və travmatik zədələnmələri müalicə etmək mümkündür.
Sanatoriyanın direktoru Hacı İldırım Allahyarov bildirdi ki, müəssisə 1998-ci ildən fəaliyyət göstərir. Burada gündə 300 nəfərin qəbul edilib yerləşdirilməsi üçün hər cür şərait mövcuddur. Sanatoriyaya gələnlər əvvəlcə yüksək ixtisaslı həkimlər tərəfindən müayinə olunur, sonra xəstəliyə uyğun müalicə prosedurları təyin olunur. Yerli əhali sanatoriyaya həmkarlar təşkilatlarının xətti ilə də gələ bilər. Müəssisə turizm şirkətləri ilə sıx əməkdaşlıq şəraitində işləyir. Buraya il ərzində bir çox xarici ölkələrdən, o cümlədən İrandan, Türkiyədən, Rusiyadan və Avropadan turistlər gəlir.
Layihənin əhəmiyyəti barədə bir neçə söz
Günün sonunda rayonun mərkəzində yerləşən «Masallı» hotelinə gəldik. Bu hotel də yüksək standartlara cavab verən turizm obyektlərindən biridir.
Beləliklə, Mədəniyyət və Turizm Nazirliyinin «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» proqramı çərçivəsində 2012-ci il üçün paytaxt elan edilmiş rayonlara KİV təmsilçilərinin infoturu başa çatdı. Sonda bu layihənin əhəmiyyəti barədə fikirlərimi bildirmək istəyirəm. Biz bu səfərlərimiz zamanı bölgələrimizin tarixi, mədəniyyəti, turizm potensialı, mətbəxi, insanlarının qonaqpərvərliyi ilə daha yaxından tanış oluruq, jurnalist olaraq Azərbaycanın regionlarını tanımaq və tanıtmaq fürsəti əldə edirik. Eyni zamanda isə bu bilgilər gələcək yazılarımızda bizə bir növ bələdçilik edir.
Bu səfərlərin bir yaddaqalan məqamı da Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, mətbuat katibi Zöhrə Əliyeva, şöbənin əməkdaşı Rəşad Əliyev kimi əvəzsiz yol yoldaşlarının olmasıdır.
2013-cü ilin “Xalq Yaradıcılığı Paytaxtları”nda görüşmək ümidi ilə...
Fəxriyyə Abdullayeva