Lənkəran Dövlət Dram Teatrının kollektivi Lerik rayonuna növbəti səfər edib. Yaradıcı heyət Milli Qəhrəman Rövşən Abdullayev adına Lerik rayon Mədəniyyət Mərkəzində  yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı göstərib. 

Tamaşadan əvvəl teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılı, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, rayon prokurorunun köməkçisi Elmin Məmmədzadə çıxış ediblər. Çıxışlarda bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin mədəniyyətə, o cümlədən teatr sənətinə qayğısı, eləcə də respublikaya rəhbərliyi dövründə prokurorluq orqanlarına göstərdiyi diqqətdən söz açılıb, yazıçı Məmmədhüseyn Əliyevin yaradıcılığı haqqında məlumat verilib.

Quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanova olan tamaşa 1976-1987-ci illərdə Lənkəran rayonunun prokuroru olmuş Əməkdar hüquqşünas Tələt Qənbərovun 90 illik yubileyinə həsr edilib. Rolları Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Saleh Əzimzadə, Qızılgül Quliyeva, Allahverən Babayev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Vəfa Hacızadə, Emil Tağı, Amil İbrahimli və Teymur Hacızadə ifa edirdilər.

Lerikli tamaşaçılar haqqın gec-tez qələbə çalacağını ifadə edən səhnə əsərini böyük maraqla izlədilər.

Zəfər Orucoğlu, Lerik