Olaylar, faktlar (21–25 iyul)

 

249 il əvvəl...

 

21 iyul 1774-cü ildə Rusiya ilə Osmanlı arasında 1868-ci ildən davam edən müharibə Küçük-Qaynarca sülhü ilə başa çatıb. Sazişə əsasən, Osmanlı Krım xanlığının müstəqilliyini, Azov dənizinin, Moldaviya və Valaxiyanın (indiki Rumıniya ərazisi) Rusiyanın nəzarətinə keçməsini tanımalı oldu.

 

192 il əvvəl...

 

21 iyul 1831-ci ildə Belçika Niderland Krallığından ayrılaraq müstəqilliyini elan edib. XVI  əsrdə İspaniyanın nəzarətinə düşən Belçika torpaqları 1714-cü ildə Avstriya tərəfindən işğal olunmuş, 1815-ci ildə isə Niderlandın nəzarətinə keçmişdi.

 

148 il əvvəl...

 

22 iyul 1875-ci ildə Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Bu tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Həsən bəy Zərdabinin redaktoru olduğu qəzetin iki il ərzində 56 sayı işıq üzü görmüşdü. Maarifçi ideyaları ilə çar üsul-idarəsi dairələrini narahat edən nəşr 1877-ci ildə bağlandı.

 

104 il əvvəl...

 

25 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin nizami ordu hissələri Muğan-Lənkəran bölgəsində üsyanı yatırıblar. 1919-cu ilin mayında bölgədəki rus əhalisi (çar Rusiyası dövründə köçürülmüş molokanlar) bolşeviklərin təşviqi ilə üsyan qaldırmış və “Muqan Sovet Respublikası” adlı qondarma qurumun yarandığını elan etmişdilər.

 

103 il əvvəl...

 

21 iyul 1920-ci ildə Şəmkir qəzasının Müşkürlü kəndində Azərbaycanın zorla sovetləşməsi əleyhinə üsyan baş verib. Üsyan bolşevik Rusiyasının işğalçı XI ordusunun hissələri tərəfindən yatırılıb.

 

100 il əvvəl...

 

24 iyul 1923-cü ildə Yaxın Şərq və keçmiş Osmanlı imperiyası üzrə Lozannada (İsveçrə) 1922-ci ildə başlanan konfrans sülh sazişinin imzalanması ilə başa çatıb. Konfrans Osmanlının məcburən imza atdığı 1920-ci il Sevr müqaviləsini tanımayan Türkiyənin tələbi ilə çağırılmışdı. Sevr müqaviləsinə görə Türkiyənin ərazisi Avropa dövlətləri tərəfindən bölüşdürülür, o cümlədən bir neçə vilayətin Ermənistan dövlətinə verilməsi nəzərdə tutulurdu. Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi və Türkiyənin ərazisini indiki sərhədlər çərçivəsində təsbitlədi.

 

95 il əvvəl...

 

21 iyul 1928-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti “Yeni türk əlifbasının icbari və qəti olaraq tətbiq olunması” haqqında qərar qəbul edib. 1929-cu il yanvarın 1-dən Azərbaycan SSR-də latın qrafikalı əlifbaya keçid başlandı.

 

31 il əvvəl...

 

25 iyul 1992-ci ildə Gürcüstanın Abxaziya bölgəsində münaqişə alovlanıb. Muxtar respublika rəhbərliyinin Gürcüstanın tərkibindən çıxmaq barədə qərarından sonra aparılan siyasi dialoq nəticə verməyib və hərbi toqquşmalar başlanıb. Bu, Dağlıq Qarabağ, Dnestryanı və Cənubi Osetiya münaqişəsindən sonra postsovet məkanında dördüncü belə konflikt idi.

 

30 il əvvəl...

 

23 iyul 1993-cü ildə Ermənistanın silahlı qüvvələri Ağdam şəhərini, rayonun Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal ediblər. Sonrakı günlərdə erməni qüvvələri rayonun üçdə ikisini işğal etdi. Ağdamın işğalı Azərbaycanın Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itkisi idi. Ağdam şəhəri və rayonun işğal altındakı kəndləri 44 günlük Vətən müharibənin nəticəsi olaraq,  2020-ci il noyabrın 20-də azad edildi.

 

22 il əvvəl...

 

22 iyul 2001-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Hazırladı: V.Orxan