Elmi jurnalın ikinci sayı hazırlanır
   
   Azərbaycan Turizm İnstitutu «Turizm və qonaqpərvərlik tədqiqatları» adlı elmi jurnalın nəşrinə başlayıb. Jurnalın birinci sayında turizm sahəsinə dair elmi məqalələr, bu sahədə aparılan tədqiqatlar, turizm bazarında baş verən proseslər haqqında məlumatlar verilib.
   
    Qonşu Türkiyə və Gürcüstanın turizm sektorundakı yeniliklər və onların elmi baxımdan izahı da nəşrdə yer alıb. Jurnalda Azərbaycan dili ilə yanaşı, ingilis, rus və türk dillərində də məqalələr dərc olunub.
   Jurnalın rüblük - ildə 4 dəfə nəşri nəzərdə tutulur. Bundan başqa, ölkəmizdə baş verən əlamətdar hadisələrlə bağlı xüsusi nömrələrin hazırlanması da planlaşdırılır.
   Qeyd edək ki, jurnalın ilk sayı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr olunub. Nəşrə ön sözü jurnalın Redaksiya Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yazıb. Məqalədə qeyd edilir ki, Azərbaycanda turizmin inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahənin intensiv inkişafı üçün fəal işlər aparılır. Nazir Azərbaycanda belə bir jurnalın təsis edilməsi münasibətilə turizm ictimaiyyətini təbrik edib, nəşrin kollektivinə uğurlar arzulayıb.
   Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərovun «Azərbaycan istiqlaliyyət yolu ilə: problemlər, perspektivlər» adlı məqaləsində ölkəmizin müstəqillik əldə etdiyi 20 il ərzində keçdiyi tarixi yola nəzər salınır, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan islahatlar prosesinin bu gün uğurla davam etdiyi vurğulanır.
   Turizm İnstitutunun prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanovun «Turizm: nəzəriyyə və praktika» adlı məqaləsində ölkəmizdə bu sahənin tarixi, müasir vəziyyəti və perspektivlərindən bəhs edilir.
   Jurnalın növbəti yazıları Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində turizm sektorunun inkişafına həsr edilib. İqtisad elmləri doktoru Dünyamin Vəliyev, ATİ-nin əməkdaşı Anar Mirzəyev, AMEA İqtisadiyyat İnstitutunun doktorantı Tahir Qarayev və magistr Fərid Qarayevin məqalələri diqqəti cəlb edir.
   Yuxarıda qeyd etdiyimiz kimi, «Turizm və qonaqpərvərlik tədqiqatları» jurnalında türk, rus və ingilis dillərində də məqalələr var. Türkiyənin Yalova Universitetinin professoru Selami Özcan, Mustafa Kamal Universitetinin müəllimi Necdet Bilginin məqalələri də maraqlı mövzulara həsr olunub.
   Artıq jurnalın ikinci sayı hazırlanır. Bu sayda 2012-ci ilin noyabr ayında Turizm İnstitutunun təşkilatçılığı ilə keçirilən «Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər» adlı 1-ci Beynəlxalq Elmi Konfransın materialları, məruzəçilərin çıxışları, nəticələr yer alacaq.
   Dünya dövlətlərinin təcrübəsi göstərir ki, inkişaf bütün sahələrdə elm və təhsilin tərəqqisi ilə sıx surətdə bağlıdır. Bu baxımdan hesab edirik ki, yeni təsis olunmuş «Turizm və qonaqpərvərlik tədqiqatları» elmi jurnalı turizm sahəsində elmi tədqiqatların genişlənməsində və yayılmasında mühüm rol oynayacaq. Redaksiya heyəti turizm üzrə mütəxəssisləri, bu sahəyə yaxın elm adamlarını jurnalda elmi məqalələrlə çıxış etməyə dəvət edir. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar