Bakıdakı Rus Evi (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) iyulun 21-də sənət mövsümünə yekun vurub.

“Mövsümün bağlanışı” adlı konsertin proqramına həm peşəkar, həm də həvəskar musiqiçilərin ifasında klassik musiqi əsərləri, caz kompozisiyaları, müasir estrada nümunələri, xalq rəqsləri və mahnıları daxil edilib.

Konsertdə Əməkdar artist Anton Ferştandt, Akademik Musiqili Teatrın solisti Yuliya Heydərova, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistləri Leyla Kərimova və Renata Əbubəkirova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə Kərimova, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xor kapellasının artistləri Fərhad Ələkbərov və Əliyar Əliyev, Akademik Opera və Balet Teatrının xorunun solisti Ruslan Persan, Fatimə Nəzirlinin rəhbərliyi ilə “Xarıbülbül” vokal-xoreoqrafik ansamblı və başqaları çıxış ediblər.

Tədbiri BMA-nın baş müəllimi fəlsəfə üzrə sənətşünaslıq doktoru Alyona İnyakina aparıb.

***

Konsertlər mövsümü başa çatsa da, Bakıdakı Rus Evində mədəniyyət tədbirləri davam edir. İyulun 22-də burada görkəmli rus şairi Vladimir Mayakovskinin (1893-1930) 130 illiyi münasibətilə yaradıcılıq gecəsi keçirilib.

“Poeziya klubu”nun tədbirində gənc şairlər Günatay Hüseynova, Fidan Nəzərova, Türkan Bayramzadə, Zarema Manafova, Renata və Vadim Aprelkov çıxış ediblər. BMA-nın məzunu Ləman Qulamova və gənc pianoçu Tağı Rzanın ifasında musiqi nömrələri səsləndirilib.

Qeyd edək ki, Vladimir Mayakovski 1926-cı ilin fevralında və 1927-ci ilin dekabrında Bakıda olub, hər iki səfərinin təəssüratı ilə bağlı şeirlər yazıb.