Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

İyulun 21-də mədəniyyət xadimləri, media nümayəndələri və ittifaqın əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edən ATXİ-nin sədr müavini Xalq artisti Hacı İsmayılov 150 illik yubiley ilini yaşayan Azərbaycan peşəkar milli teatrı üçün bu mövsümün də məhsuldar olduğunu deyib. O, il ərzində ittifaq tərəfindən 30-dan artıq tədbirin reallaşdırıldığını diqqətə çatdıraraq sentyabr ayından yubiley silsiləsinin davam edəcəyini bildirib.

Hacı İsmayılov bu il yaranmasının 148-ci ildönümü tamam olan Azərbaycan milli mətbuatının da zəngin inkişaf yolu keçdiyini vurğulayıb, 22 iyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, teatrdan, incəsənətdən yazan müəlliflərə təşəkkürünü bildirib.

Sonra teatr sənətinin inkişafındakı xidmətlərinə görə bu il 75 illik yubileyini qeyd edən Xalq rəssamı Nazim Bəykişiyev, Bakı Uşaq və Gənclər Teatrının 70 yaşlı aktrisası Sovqat Səmədova, eləcə də 30 illiyi münasibətilə ittifaqın beynəlxalq məsələlər üzrə katibi Lalə Məmmədova ATXİ-nin fəxri fərmanları ilə təltif olundular.

Ardınca tədbirin əsas səbəbkarlarına – ittifaq ilə sıx əməkdaşlıq edən KİV nümayəndələrinə ATXİ-nin fəxri fərmanları təqdim edilib. Təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşı da var.