Olaylar, faktlar (26–28 iyul)

 

300 il əvvəl...

 

28 iyul 1723-cü ildə Çar I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. Bu, Rusiyanın Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi. 1735-ci ildə ruslar Səfəvi dövləti ilə bağlanmış müqavilənin şərtlərinə görə, Azərbaycan torpaqlarını tərk etdilər. Rusiya imperiyasının Azərbaycana ikinci və həlledici yürüşü XIX əsrin əvvəlində başlandı.

 

219 il əvvəl...

 

27 iyul 1804-cü ildə Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma – Üçmüədzin döyüşü olub. İrəvan xanlığının ərazisindəki Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə İran qoşunları rusları məğlub ediblər. Sentyabrın 4-də Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında ikinci döyüşdə də məğlub olan Rusiya qoşunları geri çəkilib. Lakin 1805-ci ilin əvvəlində Şəki və Qarabağ xanlıqları istiqamətində yenidən yürüşə başlayan ruslar həmin ilin mayında (Kürəkçay müqavilələri) hər iki xanlığı ələ keçirdilər.

 

193 il əvvəl...

 

27 iyul 1830-cu ildə Fransada növbəti inqilab başlanıb. Avqustun 7-dək sürən “İyul inqilabı” nəticəsində Kral X Karl taxt-tacdan əl çəkib, onun yerinə I Lui Filipp taxta çıxıb. Radikal çıxışlar Avropanın bir sıra ölkələrini, o cümlədən Almaniya, Avstriya-Macarıstan və İtaliyanı bürüyüb.

 

109 il əvvəl...

 

28 iyul 1914-cü ildə I Dünya müharibəsi (1914-1918) başlanıb. “Antanta bloku” (Rusiya, Fransa, Böyük Britaniya) və “Dördlər ittifaqı” (Almaniya, Avstriya-Macarıstan, Osmanlı, Bolqarıstan) arasında müharibə Avstriya-Macarıstanın Serbiyaya savaş elan etməsi ilə alovlanıb. 1 avqustda Serbiyanın müdafiəçisi kimi Rusiya müharibəyə qoşulub. Ardınca Almaniya,  avqustun 3-də Fransa, 4-də Britaniya, sonra Osmanlı dövləti savaşa qatılıb. Dörd il (11 noyabr 1918-ci ilədək) sürən müharibədə ümumilikdə 38 dövlət iştirak etmiş, 12 milyondan çox insan həlak olmuşdu. Müharibə nəticəsində dörd imperiya (çar Rusiyası, Osmanlı, Avstriya-Macarıstan, kayzer Almaniyası) süqut etdi.

 

85 il əvvəl...

 

26 iyul 1938-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyasına uyğun olaraq respublikanın ərazi-inzibati bölgüsündə rayonlar şəbəkəsi qanunla təsbit edilib. Bir sıra rayon və qəsəbələrin adları dəyişdirilib: Qaradonlu rayonu İmişli, Hil – Qusar, Zuvand – Lerik, Biləsuvar – Puşkin, Nərimanov – Xanlar, Vəryadüz – Yardımlı rayonları adlandırılıb. Bundan əlavə, Zubovka kəndi Əli Bayramlı (indiki Şirvan) şəhəri, Goranboy kəndi Qasım İsmayılov qəsəbəsi, alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor (indiki Şəmkir), Helenendorf qəsəbəsi isə Xanlar (indiki Göygöl) qəsəbəsi adlandırılıb.

 

71 il əvvəl...

 

27 iyul 1952-ci ildə Volqa-Don kanalı istifadəyə verilib. Leninin adını daşıyan kanalın tikintisi hələ 30-cu illərdə başlamışdı. 101 kilometr uzunluğunda olan kanal Xəzər və Qara dənizlərinin naviqasiya sistemini birləşdirmək üçün strateji əhəmiyyət daşıyır. Kanal Azərbaycanın Xəzərdəki gəmilərinin dünya okeanına (Qara dəniz – Aralıq dənizi) çıxışı üçün yeganə su yoludur.

 

70 il əvvəl...

 

27 iyul 1953-cü ildə Koreya müharibəsi başa çatıb. Beynəlxalq hərbi kontingentin (BMT bayrağı altında) komandanı ABŞ generalı Vilyam Harrison və Şimali Koreya generalı Ham İrin imzaladığı sülh sazişinə əsasən, Şimali Koreya qoşunları 1950-ci ilə qədər olan sərhədlərə qayıdıb, 38-ci paralel üzrə Şimali və Cənubi Koreya arasında demarkasiya zonası müəyyən edilib.

Hazırladı: V.Orxan