Ekspertlər yeniliyi turizmin inkişafında mühüm addım hesab edirlər
 
  
   Xəbər verildiyi kimi, noyabrın 30-da ölkə Prezidenti “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalayıb.
   
   Sərəncamda Xarici İşlər Nazirliyinə ölkəyə gələn turistlərə elektron vizaların verilməsi üçün elektron ərizə formasının, tələb olunan digər sənədlərin siyahısının, habelə viza rəsmiləşdirilməsi ilə əlaqədar zəruri məlumatların on gün müddətində Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarının internet-informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.
   Xatırladaq ki, 2011-ci ildə «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanuna əlavə və dəyişikliklər qəbul olunub. Dəyişikliklər əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdırmağa və elektron vizaların tətbiqinə imkan verir. Ekspertlər bunu ölkəmizə gəlmək istəyən xarici turistlərin rahatlığı və prosesin şəffaflığı baxımından mühüm yenilik kimi qiymətləndirirlər. Çünki bundan sonra ölkəsində Azərbaycan səfirliyi olmayan əcnəbi viza almaq üçün üçüncü ölkəyə üz tutmaq məcburiyyətində qalmayacaq. Onun müraciət etdiyi turizm şirkəti rahat şəkildə elektron yolla viza almaq üçün sənədləri üçüncü ölkədəki Azərbaycan səfirliyinə çatdıracaq. Nəticədə isə bu iş üçün bir neçə dəqiqə sərf olunacaq.
   XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin sözlərinə görə, elektron vizaların verilməsi üçün elektron ərizə forması, habelə digər məlumatlar Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin rəsmi saytlarında yerləşdiriləcək və konsulluqlarda bununla bağlı treninqlər keçiriləcək. XİN artıq bu məsələ ilə bağlı ölkəmizin xaricdəki səfirlik və konsulluqlarını təlimatlandırıb.
   Nazirlər Kabineti isə elektron qaydada verilən viza blankının təsvirini və nümunəsini ötən ildən təsdiq edib. Nazirlər Kabinetinin saytında yer alan məlumata görə, Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron qaydada verilən viza blankının təsviri İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) 9303 nömrəli sənədinin ikinci hissəsinə uyğundur. Elektron viza blankı A4 formatdadır. Blankın yuxarı sol hissəsində viza sahibinin 35mm x 45mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulub.
   Qeyd edək ki, qonşu Türkiyədə də elektron vizaların verilməsi ilə bağlı qərar qəbul edilib. 2013-cü ilin yanvarından etibarən Türkiyəni ziyarət etmək istəyən əcnəbilər ölkə ərazisinə elektron vizalarla daxil ola biləcəklər. Viza haqqı və rüsumların ödənişi də internet vasitəsilə həyata keçiriləcək. Təqdimatı yanvarda keçiriləcək layihə elektron vizanı əldə etməyin müəyyən şərtlərini nəzərdə tutur. Türkiyə hökumətinin fikrincə, layihə xarici ölkə vətəndaşlarının viza alması prosedurunu asanlaşdırmağa imkan verəcək.
   
   Elektron viza turizmin inkişafında yeni səhifədir
   
   Məlumdur ki, elektron vizaların tətbiqi ilk növbədə turizm şirkətlərinin işini asanlaşdırır. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri də bu yeniliyi yüksək dəyərləndirirlər. «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyevin sözlərinə görə, ölkə başçısı tərəfindən belə bir sərəncamın imzalanması Azərbaycanda turizmin inkişafında və ölkəyə turistlərin cəlb olunmasında yeni bir səhifənin açılması deməkdir: «Əvvəllər bu sahədə müəyyən bürokratik amillərlə qarşılaşırdıq. Artıq elektron vizaların alınmasına başlanıldıqdan sonra biz daha sadə və asan yolla turistlərə vizaların alınmasına nail ola biləcəyik. Bu, Azərbaycana daha çox turist cəlb olunmasına zəmin yaradır. Yeni qayda turizm şirkətlərinin fəaliyyətinə müsbət təsir edəcək».
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev də Azərbaycanda turistlərə elektron vizalar verilməsinin ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərəcəyini düşünür. Onun sözlərinə görə, elektron viza sistemi tətbiq edildikdən sonra turistlər sənədlərini internet vasitəsilə səfirlik və konsulluğa təqdim edəcəklər. On beş gündən sonra isə onlara müsbət və ya mənfi cavab veriləcək. Şöbə müdiri qeyd edir ki, elektron vizanın tətbiqi ölkəyə turist axınının artmasına zəmin yaradacaq.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar