İsmayıllı rayon Mərkəzi Kitabxanasında “Mütaliəçilər” kitab klubu üzvlərinin iştirakı ilə görkəmli yazıçı İsi Məlikzadənin (1934-1995) “Quyu” povestinin müzakirəsi keçirilib. Əvvəlcə ədibin həyat və yaradıcılığı haqqında məlumat verilib. Sonra povestin qəhrəmanları müzakirə olunub, əsərin ideya-bədii xüsusiyyətləri, müəllifin qayəsi barədə söz açılıb.
Qeyd olunub ki, povestdə İsi Məlikzadə 70-ci illər Azərbaycan kəndinin mənəvi-əxlaq mənzərəsini əks etdirib. “Quyu” sözü burada rəmzi məna daşıyır.
Əsərdə Umud adlı oğlan aşpazlığı “kişi işi” hesab etməyib işdən çıxır. Kəndin kolxoz sədri Xalıq Umudu və dədəsi Məcid kişini evinə çağırıb quyu qazmağı xahiş edir. Bir gün Məcid kişi Umuda eyvana çıxıb su gətirməyi xahiş edəndə Umud gəlib xoşagəlməz bir mənzərəyə şahid olur. Bu sirrin üstü açılmasın deyə Umudun həyatında dəyişiklər başlayır...