Mil-Muğan RMİ üzrə mərhələ başa çatıb
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının ikinci – regional mərhələsi davam edir.
Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar və həvəskar olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edirlər.
Respublikamızda müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə şəhər və rayonlardan, o cümlədən Naxçıvan Muxtar Respublikasından ümumilikdə 26 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi.
Festivalın birinci mərhələsi aprel-iyun aylarında gerçəkləşib. İkinci mərhələ isə iyul-avqust aylarını əhatə edir. Final mərhələsinin sentyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulur.
Mil-Muğan RMİ-nin əhatə etdiyi Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə festivalın II mərhələsinə yekun vurulub.
Region üzrə 3-18 iyul tarixləri ərzində gerçəkləşən festivalın II mərhələsində fərdi olaraq 15 nominasiyada 403 nəfər, kollektiv olaraq 2 nominasiyada 5 kollektiv iştirak edib.
Rəssamlıq, dekorativ-tətbiqi sənət və rəqəmsal incəsənət nominasiyaları Sabirabad rayon Heydər Əliyev Mərkəzində, piano ifaçılığı, klassik nəfəs alətləri ifaçılığı, xalq çalğı alətləri ifaçılığı, akademik vokal, estrada oxuma, xanəndəlik sənəti, aşıq sənəti, aktyorluq, bədii qiraət, hekayəçilik, solo milli rəqs, eyni zamanda xor və milli rəqs ansamblı nominasiyaları isə rayon Mədəniyyət Mərkəzində təşkil olunub.
Festival iştirakçıları üçün ekskursiyalar
Uşaq İncəsənət Festivalının region mərhələsində uğur qazanmış istedadlı uşaqlar üçün Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən muzey müəssisələrinə ekskursiya təşkil edilib.
Ekskursiya zamanı uşaqlar Xan sarayı, Xalq Tətbiqi Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyası ilə tanış olublar.
***
Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə UİF-nin birinci mərhələsində rayon üzrə uğur qazanmış uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Oğuzlu istedadlar” adlı görüş keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra görüş iştirakçıları rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər.
Sonda uşaqlar Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən filmi izləyiblər.
N.Məmmədli