25-27 iyul tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə Şəki şəhərində “Ulu öndər: dəyərlərimizin xilaskarı” mövzusunda seminar keçirilir. Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan tədbirdə Balakən, Zaqatala, Qax və Şəki rayonlarından 60 gənc iştirak edir.
Seminarın açılışında Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Rəşid Paşalı, Şəki Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas Əli Rzazadə, AMEA Şəki Regional Elmi Mərkəzi Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov və başqaları çıxış ediblər.
Seminar çərçivəsində mövzu üzrə mühazirə və diskussiyalar, fondun dəstəyi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq”, “Dəyərlərimizin dastanı” filmlərinin nümayişi, şəhər ərazisindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, “Dəyərlərimizi öyrənək!” adlı intellektual yarış və digər tədbirlər nəzərdə tutulub.