Xarici İşlər Nazirliyi BQXK-nın bəyanatına şərh verib

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) humanitar mandatına riayət olunmalı və ondan siyasi məqsədlər üçün sui-istifadə edilməməlidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) bölgədə humanitar vəziyyətlə bağlı iyulun 25-də səsləndirdiyi bəyanatına dair şərhində vurğulanır.

XİN diqqətə çatdırır ki, cari il iyunun 15-də Laçın sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması, iyul ayında erməni əsilli sürücülərin BQXK-ya məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti qeyri-qanuni fəaliyyət, eləcə də sərhəd keçid məntəqəsinin fəaliyyətinə maneçilik kimi qiymətləndirilib və bu kimi pozucu tədbirlərə son qoyulması tələb olunub.

Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyət cəhdlərinin qarşısını almaqla yanaşı, Azərbaycan tərəfi BQXK ilə vacib əməkdaşlığı davam etdirib. Azərbaycan tərəfinin BQXK ilə apardığı müzakirələrdən sonra, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə şərait yaradılıb və gün ərzində onlarla erməni sakin hər iki istiqamətdə sərhəd məntəqəsindən keçib.

Daha böyük miqdarda dərman preparatları və yüklərin daşınması, tədarükü üçün Azərbaycan tərəfindən Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım təklif olunub. Lakin buna baxmayaraq, təəssüflər olsun ki, erməni tərəfi təkidlə bu yoldan imtina edir.

Bununla yanaşı, erməni sakinlərin tibbi məqsədlər üçün Laçın sərhəd-buraxılış məntəqəsindən BQXK vasitəsilə keçidinin daha da asanlaşdırılması məqsədilə BQXK-nın həkiminin əraziyə getməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, yerində bundan imtina olunması da təəssüf doğurur.

“Erməni tərəfinin Azərbaycan tərəfindən atılan addımlara və dəstək niyyətinə, o cümlədən BQXK tərəfindən sözügedən bəyanatda da qeyd edildiyi kimi, Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə edilməsi təkliflərinə qarşı çıxması bölgədə “gərgin humanitar vəziyyət” iddialarının siyasi manipulyasiya və təzyiq vasitəsi olduğunu bir daha sübut edir”, – deyə XİN-in şərhində vurğulanır.