Olaylar, faktlar (29 iyul – 1 avqust)
1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, 2001-ci il avqustun 1-də ölkə ərazisində bütün idarə və təşkilatlar, Azərbaycan dilində nəşrlər latın qrafikalı əlifbaya keçib, 1992-ci ildə başlanan proses başa çatıb. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan edilib.
550 il əvvəl...
1 avqust 1473-cü ildə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu dövlətinin qoşunları ilə Osmanlı ordusu arasında Malatya döyüşü olub. İki türk dövləti arasında bölgəyə nəzarət uğrunda müharibənin ilk döyüşü Ağqoyunluların qələbəsi ilə nəticələnsə də, on gün sonra Osmanlı ordusu Otluqbeli (Tərcan) döyüşündə Ağqoyunlu qoşunlarını ağır məğlubiyyətə uğratdı.
105 il əvvəl...
30 iyul 1918-ci ildə Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə çar Rusiyası işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub. 1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilib və sovet liderlərindən olan Sergey Kirovun adı ilə Kirovabad adlandırılıb. 1989-cu ildə şəhərin adı təkrar özünə qaytarıldı.
1 avqust 1918-ci ildə Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi və Fəhlə-Əsgər Deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” adlı mürtəce qurum yaradılıb. Bir gün öncə süqut edən “Bakı Kommunası”nı əvəzləyən yeni qurum da, bolşeviklər kimi, Cümhuriyyət hökumətinin Bakıya gəlişinin qarşısını almağı məqsəd güdürdü. Lakin bu onlara müyəssər olmadı. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi.
85 il əvvəl...
29 iyul 1938-ci ildə Yaponiya qoşunlarının Xasan gölü ətrafında (sovet-Koreya sərhədi) SSRİ ərazisinə müdaxiləsi ilə hərbi toqquşmalar başlanıb. Avqustun 18-də yaponlar tutduqları ərazilərdən çıxarıldı.
48 il əvvəl...
1 avqust 1975-ci ildə Helsinkidə (Finlandiya) Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə müşavirənin Yekun Aktı imzalanıb. 1973-cü ildə başlanan müzakirələr Varşava bloku ölkələri ilə NATO dövlətləri arasında təhlükəsizliyə dair dialoqun başlanğıcı idi. Helsinki Yekun Aktı gələcək ATƏT-in təməl sənədi oldu. 1990-cı ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) beynəlxalq təşkilat statusu aldı, 1994-cü ildə Budapeşt sammitində isə ATƏT adlandı.
34 il əvvəl...
29 iyul 1989-cu ildə Azərbaycandan Ermənistana gedən dəmir yolu xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlanıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması başlanıb. Bundan sonra Bakı-Naxçıvan dəmir yolu xətti qeyri-müntəzəm olaraq, uzun fasilələrlə fəaliyyət göstərib. 1991-ci ilin payızında dəmir yolu xətti tamamilə kəsilib.
33 il əvvəl...
31 iyul 1990-cı ildə Yuqoslaviya federasiyasının subyekti olan Bosniya-Herseqovina müstəqilliyini elan edib. 6 respublikanı birləşdirən Yuqoslaviyanın dağılması ağır müharibə ilə müşayiət olundu. Ən qanlı savaş üç etnik qrupun – müsəlman bosniyalılar, katolik xorvatlar və pravoslav serblərin yaşadığı Bosniya-Herseqovinada baş verdi. 1995-ci ildə ABŞ-nin səyləri ilə tərəflər arasında sülhü təmin edən sənəd (“Deyton sülhü”) imzalandı.
32 il əvvəl...
31 iyul 1991-ci ildə erməni terrorçu qrupu Azərbaycana qarşı növbəti qanlı aksiya həyata keçirib. Moskva-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının Dağıstanın Temirtau stansiyası yaxınlığında partladılması nəticəsində 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdı.
Hazırladı: V.Orxan