Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İstedad sərhəd tanımır” adlı tədbir təşkil olunub.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Qonaqlar mərkəzin təlimçiləri və benefisiarlarının hazırladığı əl işlərindən ibarət sərgi, habelə burada yaradılmış şərait, peşə-yaradıcılıq otaq və studiyaları ilə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Mərkəzin sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılması və inkişafı, cəmiyyətə təqdim olunmasında, onların sosial inteqrasiyasında mühüm rola malik olduğu vurğulanıb.
Sonra mərkəzin təlimçiləri və benefisiarlarının iştirakı ilə konsert proqramı təqdim olunub. İnklüziv ansamblın müşayiəti ilə keçirilən konsert proqramında dünya və Azərbaycan musiqisindən nümunələr ifa olunub.