Bu gün Vasif Adıgözəlovun ruhu şaddır

 

İyulun 28-i görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun (1935-2006) doğum günüdür.

Vasif Adıgözəlov Bakıda şuşalı ustad xanəndə Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. 1953-59-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında (bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfi) təhsil alıb.

Bəstəkar “Ölülər” və “Natəvan” operalarının, “Nənəmin şahlıq quşu”, bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı “Hacı Qara”, eləcə də “Boşanaq – evlənərik”, “Aldın payını, çağır dayını” və s. musiqili komediyaların, “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, simfoniya, muğam-simfoniya, simfonik poema, instrumental konsertlərin müəllifidir. 100-ə qədər mahnı və romansı, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqiləri bəstəkarın yaradıcılıq diapazonunun genişliyindən xəbər verir. Onun yaradıcılığında milliliklə bəşəriliyin mükəmməl harmoniyası var.

Vasif Adıgözəlov 2000-2006-cı illərdə Bəstəkarlar İttifaqının sədri olub. 2006-cı il sentyabrın 15-də vəfat edib. 2016-cı ildə bəstəkarın 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, yaşadığı binaya barelyefi vurulub.

Ata yurdunun işğalı ilə barışmayan, kədərini, nisgilini əsərlərində yüksək sənətkarlıqla ifadə edən bəstəkarın ruhu artıq şaddır. Çünki bu gün onun əsərləri mədəniyyət paytaxtımız Şuşada, Cıdır düzündə səslənir.