Festivalın ilk konsertində “Gənclərə dəstək” layihəsinin iştirakçıları çıxış ediblər
Xəbər verdiyimiz kimi, 27 iyul – 2 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir.
İyulun 27-də Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində festivalın ilk konsertində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları çıxış ediblər. Layihə artıq yeddi ildir Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək festivalın önəmindən danışıb: “Heç təsadüfi deyil ki, festivalın ilk konsertində gənc, böyük səhnələrə ilk addımlarını atan musiqiçilər çıxış edir. Çünki Qəbələ Beynəlxalq Musiqi Festivalı yaradıldığı gündən öz səhnələrini gənc musiqiçilərə açır və onların gələcək uğurlarına təkan verir. Gənc musiqiçilərin milli dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsi, dünya mədəniyyətindən bəhrələnməsi üçün dövlətimiz tərəfindən mühüm işlər görülür. Fürsətdən istifadə edib bu möhtəşəm festivalın təşkilatçılığına görə Heydər Əliyev Fonduna və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.
“Gənclərə dəstək” layihəsi barədə məlumat verən Xalq artisti deyib ki, layihənin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcəkdə böyük sənət həyatına vəsiqə verməkdir. Layihə çərçivəsində gənclərin ilk konserti 2016-cı ilin noyabrında olub və həmin vaxtdan mütəmadi olaraq silsilə konsertlər davam etdirilir. Layihə iştirakçıları artıq öz dinləyici kütləsinin, geniş auditoriyanın rəğbətini qazanıblar.
Qeyd edilib ki, layihə proqram və janr baxımından zəngindir, konsertlər müxtəlif mövzulara həsr olunur. Buraya vokal, fortepiano, kamera-instrumental musiqisi, simfonik musiqi, eləcə də muğam axşamları aiddir. Layihə üzrə konsertlərdə Azərbaycanın bəstəkarlıq məktəbinin layiqli davamçıları, hələ təhsilini davam etdirən və ya son illərin məzunları olan gənc bəstəkarlar da unudulmur. Onların kamera-vokal və orkestr əsərləri mütəmadi səslənir.
Sonra respublika və beynəlxalq müsabiqələr laureatı olan gənc və yeniyetmə ifaçıların konsert proqramı təqdim edilib. Konsert maraqla qarşılanıb.
Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, festivalın qonaqları konsertin tamaşaçıları arasında olublar.
***
İyulun 27-də axsam festivalın rəsmi açılışı olub. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər – Xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor), Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış ediblər.
Bir həftə davam edəcək festivalda Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən də musiqiçilərin çıxışları nəzərdə tutulub.
Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Raxmaninovun 150 və Yohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək.
Festival günlərində Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel) ustad dərsləri də olacaq.
Qeyd edək ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-2019-cu illərdə hər il – ümumilikdə 11 dəfə təşkil edilib. 2020-ci ildə koronavirus pandemiyası səbəbi ilə festival keçirilməyib. XII Qəbələ Beynəlxalq Musiqi Festivalı 2021-ci ildə 31 iyul – 4 avqust tarixlərində gerçəkləşib.