Səyyar monitorinq qrupları bölgələrə ezam olunub
Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqinə başlanılıb.
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2023-cü il tarixli sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin yenidən təşkil edilməsindən sonra ölkə ərazisindəki mədəniyyət müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, qəzalı, yararsız və fəaliyyətsiz müəssisələrin müəyyən edilməsi, bu istiqamətdə məlumatların sistemləşdirilməsi məqsədilə səyyar monitorinq qrupları təşkil edilərək bölgələrə ezam olunub.
Monitorinq prosesi ölkə üzrə 64 rayonu əhatə etməklə 4500-ə yaxın müəssisədə aparılır.
Monitorinqin nəticələrinə uyğun olaraq, xüsusilə respublikanın rayon və kəndlərində illər ərzində baxımsız vəziyyətdə, fəaliyyətsiz qalmış, təyinatı üzrə istifadə edilməyən mədəniyyət müəssisələrinin işinin təkmilləşdirilməsi və bu sahədə səmərəliliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur.