Yay aylarında olduğu kimi, qış mövsümündə də yerli turistləri ən çox cəlb edən məkanlardan biri Qəbələ rayonudur. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə istirahət etmək üçün rayona çoxlu sayda yerli və xarici qonaq gəlib.
   
   Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, bayram günlərində Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Latviya, Ukraynadan olub. Bir həftə ərzində rayona 3 mindən çox yerli və xarici qonaq gələrək istirahət edib.
   Qarlı dağlarda xizək sürmək, alpinistlik etmək, motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq - mənalı qış istirahətində olanların bir qismi bu arzularını gerçəkləşdirmək üçün Qəbələyə üz tutublar.
   Qonaqların istirahətinin mənalı təşkili üçün hotellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar.
   Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 18-i beş, dörd və üçulduzlu hotellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 1500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Xatırladaq ki, 2012-ci ildə Qəbələ rayonuna 45,5 min turist gəlib. Onlardan 31350-si yerli, 14150 nəfəri isə əcnəbilərdir.
   
    Fəxriyyə Abdullayeva