Tələbə-müəllim mübadiləsi sahəsində əməkdaşlıq və birgə tədbirlərin təşkili müzakirə edilib
   
   Yanvarın 10-da Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan Turizm İnstitutunun (ATİ) qonağı olub. Görüşdə institutun rektoru, professor Cəfər Cəfərov ali təhsil ocağının fəaliyyəti və beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat verib.
   
   Rektor diqqətə çatdırıb ki, Türkmənistan-Azərbaycan münasibətlərinin kökündə qarşılıqlı hörmət, bərabərliyə və inkişafa əsaslanan dostluq və qardaşlıq münasibətləri dayanır. Bu münasibətlər çoxəsrlik milli ənənələrə söykənir.
   Yeni ildə ilk tanışlıq görüşünə ATİ-dən başladığını deyən səfir T.Komekov görüşün faydalı olacağına inandığını bildirib. Ölkəsinin sosial-iqtisadi inkişafı, elm, təhsil sahəsində nailiyyətlərindən söz açan diplomat qeyd edib ki, Türkmənistan 5 vilayətdən ibarətdir. Paytaxt Aşqabadda onlarla sənaye, elm, təhsil müəssisəsi və s. fəaliyyət göstərir. Türkmənistanın ali təhsil müəssisələrindən bəziləri ilə Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası arasında ikitərəfli əməkdaşlıq müqaviləsi qüvvədədir.
   Səfir bildirib ki, Türkmənistan iqtisadiyyatında neft-qaz sənayesinin mühüm yer tutmasına rəğmən ölkə həm də turizm infrastrukturu baxımından çox əhəmiyyətlidir. Ölkədə müalicəvi turizm xüsusilə inkişaf edib. Diplomat görüşün turizm sənayesi üçün yüksək ixtisaslı kadr hazırlığı prosesi ilə tanışlıq məqsədi daşıdığını deyib.
   Səfir eyni zamanda Türkmənistanın müvafiq ali məktəbləri ilə ATİ arasında tələbə-müəllim mübadiləsi sahəsində ikitərəfli əməkdaşlıq müqavilələrinin imzalanması, elmi konfrans və tanışlıq görüşlərinin təşkili və keçirilməsində maraqlı olduğunu vurğulayıb.