Avqustun 2-də məşhur Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı maestro Niyazinin (1912–1984) vəfatının 39-cu ildönümü tamam oldu.

Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialının – Niyazinin Mənzil-Muzeyinin əməkdaşları, mədəniyyət xadimləri Fəxri xiyabana gələrək Niyazinin məzarını, daha sonra isə maestronun paytaxtdakı  abidəsini ziyarət ediblər.

Mənzil-muzeyində davam edən anım tədbirində sənətkarın həyat və yaradıcılıq yolundan söz açılıb, Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb.

Qeyd edilib ki, Niyazi nəinki Azərbaycanın, eyni zamanda, bütün Türk dünyasının musiqi mədəniyyətinin inkişafında önəmli xidmətləri olan şəxsiyyətdir.

Bildirilib ki, Niyaziyə dünya şöhrəti gətirən onun dirijorluq fəaliyyəti olub. Eyni zamanda o, bəstəkar kimi də Azərbaycan və dünya musiqi xəzinəsinə töhfələr verib. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazdığı “Çitra” baletinə görə bəstəkar Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatına layiq görülüb.

Ənənəvi olaraq sənətkarın anım günündə muzeydə “açıq qapı” günü təşkil olunub. Muzeyin qonaqlarına maestro haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, Niyazinin musiqi yazdığı filmlərdən parçalar nümayiş olunub.