Bakıda keçirilən Özbəkistan mədəniyyəti günləri çərçivəsində Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı avqustun 3-də yenidən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edib.
Kollektiv bu dəfə azərbaycanlı teatrsevərlərə bizim öz səhnə əsərimizi – məşhur “Qayınana” musiqili tamaşasını (dramaturq – Məcid Şamxalov, musiqi – Zakir Bağırov, Tofiq Quliyev) təqdim edib.
Özbək teatrında musiqili komediyanın rejissoru Daston Xakberdiyev, rəssamı Cəlaləddin Rahimov, tamaşanın dirijoru Akmal Turayevdir.
Xatırladaq ki, “Qayınana” tamaşası Bakıda ötən ilin dekabrında rejissor Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin iştirakı ilə də nümayiş olunmuşdu.