Qəbələdə musiqi bayramı başa çatdı – növbəti festivalda görüşənədək...
Xəbər verdiyimiz kimi, Qəbələ şəhəri növbəti beynəlxalq musiqi bayramına ev sahibliyi edib. 27 iyul – 2 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Beynəlxalq Qəbələ Musiqi Festivalı musiqisevərləri, şəhərin qonaqlarını rəngarəng konsert proqramları ilə sevindirib.
Festivalın son iki gününün konsertləri da maraqlı olub.
Avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində görkəmli alman bəstəkarı Yohannes Bramsın (1833-1897) 190 illik yubileyinə həsr olunmuş “Bramsı sevirsiniz?” adlı konsert proqramı təqdim olunub.
Konsertdə Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli, Henri-David Varema (violençel, Estoniya), beynəlxalq müsabiqələr laureatı Dennis Həsənov (violin, Rusiya), həmçinin Əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Səbinə Əsədova (mezzo-soprano) maraqlı konsert proqramı ilə çıxış ediblər. Solistləri pianoda Rebekka Maqomedova müşayiət edib.
Konsertdə Bramsın “3 nömrəli violin sonatası”, “Piano, violin və violençel üçün trio”, “Qız”, “Əbədi sevgi haqqında”, “Mənim sevgim yaşıldır”, “Təkcə gülüşün”, həmçinin 3 duet – “Sevgi yolu” (Allegro), “Sevgi yolu” (Poco Adagio) və “Dəniz” əsərləri səsləndirilib.
Həmin gün axşam açıq havada konsert səhnəsində festivalın qonaqları çıxış ediblər.
Tamaşaçılar Litva Kamera Orkestrinin müşayiəti ilə polşalı violin ifaçısı Mariusz Patyranın çıxışını böyük maraqla izləyiblər. Polşalı musiqiçi virtuoz ifası ilə Qəbələ festivalının proqramına xüsusi ahəng qatıb.
Konsertdə V.A.Motsartın “Kiçik gecə serenadası”, Z.Kodalyın “Kallayi kəndinin rəqsləri”, Y.Sukun “Sevgi mahnısı”, M.Ponse-Y.Heyfetsin “Kiçik ulduz”, F.Kreyslerin “Vyana kapriççiosu”, F.Latenasın “Bolero”, B.Dvarionasın “Göl qırağında”, A.Dvorjak-Y.Heyfetsin “7 nömrəli Yumoreska”, F.Şopen-N.Milsteinin “Noktürn”, A.Batsininin “Cırtdanların rəqsi”, Q.Diniku-Y.Heyfetsin “Hora Staccato” əsərləri səsləndirilib.
***
Festivalın sonuncu günü Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olunub.
Tamaşaçılar Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Gülnaz İsmayılova (soprano), respublika və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (piano), Ümidə Abasova (skripka) və Prezident təqaüdçüsü Vurğun Vəkilovun (piano) ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini dinləyiblər.
Konsertdə Fərhad Bədəlbəylinin “Şuşa xatirələri”, “Vokaliz”, Niyazinin “Rast” simfonik muğamından fraqmentlər, Qara Qarayevin “Sonatina”, Sevda Məmmədlinin “Laçın balladası”, Sergey Raxmaninovun “Fuqa re minor”, Emin Sabitoğlunun “Dədə Qorqud” kinofilminin musiqi mövzuları əsasında popurri, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Vasif Adıgözəlovun “Bakı” əsəri səsləndirilib.
***
Avqustun 2-də axşam XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının son konserti olub. Bağlanış konsertində Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı” instrumental ansamblının iştirakı ilə tamaşaçılara möhtəşəm proqram təqdim edilib.
Ansamblın heyətinə Əməkdar artist Ələkbər Ələkbərov (tar), Şakir Davudov (skripka), Orxan Musayev (balaban, klarnet), Xasay Gülməmmədov (saz, ud), Bəhram Mahmudov (qoşanağara, perkussiya), Elvin Bəşirov (zərb alətləri), Taleh Ağayev (piano), Elmir Əliyev (nağara), Səlim Məmmədov (bas-gitara) və Hidayət Sadıqbəyli (piano) daxildir.
Konsertdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından və “Əhməd haradadır?” kinofilminin musiqisi (bəstəkar Rauf Hacıyev) əsasında popurrilər, Cahangir Cahangirovun “Zəriflik”, xalq rəqsi “Xançobanı”, “Telefonçu qız” filmindən “Xəyal”, “Doğma nəğmələr” (bəstəkar Tofiq Quliyev), Astor Pyatsollanın “Adios Nonino”, Ənvər Sadıqovun “Praktike by 9/8”, Emil Əfrasiyabın “Prayer”, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir”, “Ətrin qalıb güllərdə”, “Oyuncaq” kinofilminin musiqisi (V.Cosma) əsasında popurri, Tofiq Quliyevin “Naxçıvani”, xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə”, eləcə də “Xan Şuşinskinin repertuarından”, “İtalyansayağı” musiqi nömrələri təqdim olunub.
Proqram sürəkli alqışlarla qarşılanıb. Festivalın bədii rəhbərləri – Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə ifaçılara və tamaşaçılara təşəkkür ediblər.
Beləliklə, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.
2009-cu ildə əsası qoyulan festival bu dəfə də musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. Yeddi gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən musiqiçilər iştirak ediblər.
Festival günlərində musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Bakı Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, Litva Kamera Orkestrinin, gənc muğam ifaçılarının konsertlərini izləmək imkanı əldə ediblər. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində və açıq səhnədə keçirilən konsertləri minlərlə tamaşaçı izləyib.