“SB-Belarus seqodnya” qəzetində Bakının gözəlliklərindən bəhs edən məqalə dərc olunub
   
   Belarusun nüfuzlu “SB-Belarus seqodnya” (www.sb.by) qəzeti Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuş tarix elmləri doktoru Kiril Şevçenkonun “Xəzər sahillərinin incisi” adlı məqaləsini dərc edib.
   
   Müəllif yazır: “Bakının füsunkarlığı elə səmada ikən, təyyarə aeroporta enməyə başlayarkən hiss olunur, illüminatordan Xəzər dənizinin sahilində yerləşən böyük bir şəhərin valehedici mənzərəsi açılır. Təpəlik landşaftı Azərbaycanın paytaxtına xüsusi gözəllik verir, elə bil şəhər pillə-pillə dənizə tərəf aşağı enir”.
   Məqalədə qeyd olunur ki, Bakıya gələn qonaqlar haqlı olaraq müxtəlif dövrlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan paytaxtı ilə tanış olarkən maraqlı yeniliklərlə qarşılaşır, unudulmaz hisslər keçirirlər: “Uzaq qədimliklə müasirliyin, Qərblə Şərqin qəribə üzvi birləşməsi Bakıda xüsusi kolorit və ab-hava yaradıb. Orta əsrlərdə Asiya ilə Avropanı birləşdirən məşhur Böyük İpək Yolunun mühüm bir hissəsi olmuş və sonradan Rusiya imperiyasının neft hasilatı mərkəzindən gənc müstəqil dövlətin paytaxtınadək böyük təkamül yolu keçmiş bu şəhərin zəngin tarixi Bakının simasına və onun sakinlərinin xarakterinə ciddi təsir göstərib”.
   K.Şevçenko fikirlərini davam etdirərək yazır ki, hətta Avropanı və Asiyanı gəzib dolaşmış, qədim abidələrin ən tələbkar və məharətli bilicisi belə köhnə Bakının qala divarlarına, günbəzlərinə, minarələrinə və sahilə tərəf uzanan dolanbac küçələrinə valeh olar: “Vaxtilə qorxunc və alınmaz istehkam olmuş bu qala indi sülhsevər və əmin görünür. Bakının rəmzinə çevrilmiş məşhur Qız qalası və Şirvanşahlar sarayı Azərbaycan paytaxtının memarlıq incilərinə aid edilir. Yerli bakılılar “Brilyant əl” adlı sovet filmindən ən məşhur səhnələrin çəkildiyi küçəni də qədim şəhərin qonaqlarına həvəslə göstərirlər”.
   Müəllif vurğulayır ki, orta əsr memarlığının çoxsaylı abidələri ilə yanaşı, hər cür zövqü oxşayan böyük sayda teatr və muzeylər də Bakıya gələn qonaqları valeh edir. İçərişəhərin ərazisində yerləşən miniatür kitab muzeyi ən qeyri-adi muzeydir. Burada Avropa və Asiyadan gətirilmiş müxtəlif dövrlərin miniatür kitablarından ibarət gözəl kolleksiya toplanmışdır, özü də ən zəngin ekspozisiyalardan biri Belarusun ekspozisiyasıdır. Muzeyin banisi Zərifə Salahova Belarus-Azərbaycan mədəni əlaqələrinin inkişafına töhfəsinə Belarus Prezidenti A.Lukaşenko tərəfindən təşəkkürnamə ilə təltif olunub.
   Məqalədə qeyd edilir ki, son illər öz ənənəvi simasını büsbütün dəyişmiş Azərbaycan paytaxtının sosial-iqtisadi inkişafında yeni sürətli sıçrayış dövrü olub: “Müasir Bakı Azərbaycanın əzəmətli tərəqqisinə sübutdur. Bu gün şəhər ən yeni texnologiyalarla tikilmiş sarayların, biznes mərkəzlərinin gözoxşayan zəngin kolleksiyasıdır. Bu yaxınlarda “Eurovision” müsabiqəsinin keçirildiyi gözəl “Baku Crystal Hall” bakılıların xüsusi qürur obyektidir. Müsabiqənin təşkili və keçirildiyi yer hətta ən nəfis zövqlü Qərb turistlərini də heyran edib. Müasir Bakının digər möhtəşəm abidəsi üç nəhəng supermüasir qüllə - səmaya doğru uzanan böyük alov dilləri şəklində tünd rəngli şüşədən tikilmiş göydələnlərdir. Şəhərin mərkəzində, hündür yerdə ucaldılmış bu göydələnlərin rəngbərəng işıqları axşamlar çox gözəl görünür. Gecələr nəfis işıqlandırma və illüminasiya Azərbaycanın paytaxtını nağıl şəhərinə çevirir”.
   Müəllif yazır ki, son vaxtlar şəhərin sürətli inkişafı daha çox Azərbaycanın sanballı neft gəlirləri ilə izah edilir, lakin neftdən gələn dollarlar təkcə paytaxtın deyil, həm də bölgələrin və sosial sahələrin inkişafına sərf edilir. Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il oktyabrın 4-də Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında bu siyasətin əhəmiyyətindən danışarkən qeyd etmişdir ki, “qara qızılı insan kapitalına çevirmək” ölkəmizin qarşısında duran başlıca məqsəddir.
   Məqalədə daha sonra deyilir: “Əzəmətli və füsunkar Bakı təkcə qədim və müasir memarlıq şəhəri deyil, həm də yaraşıqlı parkları, baxımlı bağları və gözəl gül kompozisiyaları olan bir şəhərdir. Azərbaycanın nəhəng resursu təkcə neft deyil, həm də onun zəngin tarixi-mədəni irsidir və bu irs şübhəsiz, ölkənin inkişafında getdikcə daha mühüm rol oynayacaq. Azərbaycanın ən başlıca sərvəti isə Bakını öz əməyi ilə Xəzərin sahilində inciyə çevirmiş səmimi, mehriban və qonaqpərvər insanlardır.