Vətən müharibəsində öldürülən dinc sakinlərin xatirəsinə...
2020-ci ilin Vətən müharibəsi dövründə Gəncə şəhəri beş dəfə – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə şəhərdə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu faciələr zamanı həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq şəhərdə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla Gəncə Memorial Kompleksi yaradılacaq. Xatırladaq ki, dövlət başçısı 2022-ci il yanvarın 30-da şəhərə səfəri zamanı Gəncə Memorial Kompleksinin təməlini qoyub.
Konsepsiyası Böyük Britaniyanın “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan memorial kompleksdə muzey binası ilə yanaşı, funksional landşaft həlləri də nəzərdə tutulub.
Kompleks 4 ha torpaq sahəsini əhatə edəcək. Memorial abidə 12 m dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada işlənilib, hadisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilmiş memarlıq nümunəsidir. Muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək. Raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub. Burada şəhərin zərər dəymiş hissəsinin abadlaşdırılması və əhalinin istirahəti üçün geniş park da layihələndirilib.